RU

Erməni səfirdən USAID-in sabiq “şef”inə mədhiyyə

Makuntsun tədbiri ABŞ-da aləmi bir-birinə qatıb

Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts aləmi bir-birinə qatıb. Xanım səfir ABŞ-ın yeni administrasiyasının qəzəbinə tuş gələn hərəkətə yol verib. Qəzəb nədən ibarətdir və bununla bağlı hansı tədbirlər görülür.  Məsələyə aydınlıq gətirəcəyik. 

Məlum olduğu kimi, Donald Tramp ABŞ Prezidenti kimi fəaliyyətə başlar-başlamaz ölkənin Beynəlxalq İnkişaf Agentliyini (USAID) hədəfə götürdü. Qurumun fəaliyyəti, az qala, insanlıq əleyhinə cinayət, ən əsası isə Amerika dəyərlərinə münasibətdə xəyanət hesab edildi. Əlqərəz, USAID fəaliyyətini dayandırdı və onun ABŞ Dövlət Departamentinə birləşdirilməsinə dair qərar verildi. Hazırda da Birləşmiş Ştatlarda USAID qalmaqalı bitmək bilmir. 

Əlbəttə, demək olmaz ki, Ermənistanın ABŞ-dakı səfiri L.Makunts ötən il dekabrın 17-də ölkəsinin USAID-ə, necə deyərlər, vəfa borcunu ödəmək üçün tədbir təşkil edəndə bir ay sonra yaşananların miqyasını təsəvvürünə gətirə bilərdi. Tədbirin adı isə belə olub: “Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistanın iqtisadi inkişafına və demokratiyanın möhkəmlənməsinə uzunmüddətli təsiri”. 

Əslində, ABŞ-da təşkil edilmiş tədbir müzakirə mahiyyəti daşısa da, daha çox USAID şefi Samanta Pauer üçün mədhiyyə kimi yadda qalmışdı. Müzakirənin moderatoru isə ABŞ-ın Ermənistandakı və Ukraynadakı keçmiş səfiri Mari Yovanoviç olub. Makunts da öz növbəsində Paueri gen-bol tərifləyib və bildirib ki, ABŞ-ın Ermənistanla davamlı əməkdaşlığına nikbin yanaşır. Xanım səfir, eyni zamanda, Birləşmiş Ştatların yeni administrasiyasının da Ermənistanla “möhkəm əlaqələri” davam etdirəcəyinə ümid bəslədiyini vurğulayıb.  

Ermənistanın “Hraparaq” nəşrinin Vaşinqtondakı erməni diasporundan aldığı məlumata görə, Tramp Administrasiyası vəzifə səlahiyyətlərinin icrasına başladıqdan sonra Makunts tərəfindən dekabr ayında təşkil olunan tədbiri də diqqətə alıb. Necə də diqqətə almasın, axı yeni Prezidentin komandası S.Paueri düşmən hesab edir. Hətta USAID-in artıq keçmiş olan şefi siyasi məqsədlər naminə büdcə vəsaitini mənimsəməkdə, ən başlıcası isə Trampı nüfuzdan salmaq cəhdində günahlandırılır. Hazırda onun hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində işin aparıldığı da bildirilir.

Maraqlı məqam həm də odur ki, L.Makuntsun qalmaqallı tədbiri D.Tramp seçkilərdə qələbə qazandıqdan və açıq şəkildə USAID-in əleyhinə danışdıqdan sonra keçirilib. Görəsən, erməni xanım diplomat Paueri başçısı olduğu missiyanın ofisinə dəvət edib onun şəninə tərif yağdırarkən, bunu düşünməyib? Yaxşı, tutalım, Makuntsun diplomatik təcrübəsi buna imkan verməyib. Bəs Yovanoviç amili necə olsun? Makunts bunudamı bilməyib ki, ABŞ-ın Ermənistandakı və Ukraynadakı keçmiş səfiri M.Yovanoviç də Trampın düşmənlərindəndir? Necə olub ki, səfir xanım belə bir xarakterə malik həmkarına özünün təşkil etdiyi tədbirin moderatorluğunu tapşırıb? 

“Hraparaq”ın yazdığına görə, hazırda Trampın komandası məsələdən baş çıxarmağa çalışır. Çalışır müəyyənləşdirsin ki, Makunts tədbir təşkil edib S.Paueri tərifləməklə nəyə nail olmaq istəyib? Yəni, toplantı ABŞ-ın yeni administrasiyasına qarşı demarş-
dır, yoxsa sadəcə elementar düşüncəsizlik? Hər iki halda, Ermənistanın ABŞ-dakı səfirinin vəziyyəti yaxşı deyil. Vəziyyəti ondan da betər olan isə baş nazir Nikol Paşinyan administrasiyasıdır. İndi bu administrasiya Makuntsun S.Pauer sevgisinə bəraət almaq üçün dəridən-qabıqdan çıxır. 

Sonda bir məqamı da bildirək ki, Trampın USAID və onun şefi S.Pauer əleyhinə kəskin fikirlər səsləndirməsinə rəğmən, onun quruma qarşı indiki kimi sərt mövqe tutacağını proqnozlaşdıranlar az idi. Görünür, Makunts da öz aləmində USAID-in Ermənistana dəstək motivlərinə arxalanıb və tədbir keçirməklə onu düşünüb ki, Pauerdən sonra quruma rəhbərlik edəcək şəxs Ermənistana dəstək “ənənəsini” davam etdirsin. Əlbəttə, onun hesablamadığı olaylar yaşandı və bu barədə söz açdıq. 

Digər tərəfdən, hazırda USAID əleyhinə yaşanan olaylar onu göstərir ki, S.Pauerin işi-gücü Birləşmiş Ştatların dövlət vəsaitini mənimsəməkdən ibarət imiş. Üstəlik, “USAID Ermənistanı” kimi bir deyim var. Bu deyim qurumun Paşinyan administrasiyası üçün ayırdığı vəsaitin həddən artıq çoxluğundan qaynaqlanır. Deməli, USAID-in vəsaiti göyə sovurduğu məkanlardan biri də Ermənistan olub. Heç şübhəsiz, ki, bütün bunlar ölkə rəhbərliyi ilə Pauer arasında gizli sövdələşmənin mövcudluğu ehtimalı üzərində dayanmağa imkan verir. Makuntsun təşkil etdiyi tədbir isə ehtimalı möhkəmləndirir və USAID – Ermənistan “işbirliyinin” detallarına ətraflı nəzər salmaq zərurəti yaradır. 

Ə.RÜSTƏMOV
XQ

 

Избранный
5
xalqqazeti.az

1Источники