RU

MSK bələdiyyə seçkilərinin yekunlarını elan edib

Məzahir Pənahovun sədrliyi ilə fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Media nümayəndələrinin və digər  maraqlı subyektlərin iştirak etdiyi məclisdə 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin ümumi yekunlarına dair məsələlərə baxılıb. 

Öncə seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülən işlər və reallaşdırılan irimiqyaslı layihələrdən danışılıb. Diqqətə çatdırılıb ki, bütün seçki kampaniyası ərzində proseslərin başlıca mərhələləri və digər zəruri tədbirlər qanunvericiliyin tələblərinə uyğun, vaxtında və keyfiyyətlə gerçəkləşdirilib.

Bildirilib ki, ötən il ölkədə keçirilən iki mühüm seçki zamanı ard-arda silsilə maarifləndirmə layihələri reallaşdırılsa da, spesifik xarakteristikasından irəli gələrək bələdiyyə seçkilərində də MSK-nın proqramına uyğun olaraq, əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə çoxsaylı maarifləndirmə layihələri həyata keçirilib.

Qeyd olunub ki, bələdiyyə seçkiləri 125 seçki dairəsinin 118-də, 5 min 846 seçki məntəqəsi üzrə keçirilib. Ölkədəki 685 bələdiyyəni əhatə edən seçkilərdə 8 min 71 bələdiyyə üzvlüyü uğrunda 16 min 92 namizəd azad seçki mübarizəsi aparıb. MSK siyasi partiyaların budəfəki bələdiyyə seçkilərində xüsusi fəallıq nümayiş etdirməsini və 23 siyasi partiyanın öz namizədləri ilə seçkilərdə iştirakını bələdiyyə seçkilərinə geniş ictimai-siyasi marağın göstəricisi kimi təqdirlə vurğulayıb.

O da bildirilib ki, seçkiqabağı təşviqat kampaniyası dövründə bütün namizədlərə bərabər şərait və eyni imkanlar yaradılıb. Vurğulanıb ki, bələdiyyə seçkilərində akkreditasiyadan keçən 70 min 625 müşahidəçinin 26 min 260-ı 24 siyasi partiyanı təmsil edib ki, bu da siyasi partiyaların seçkilərə olan yüksək marağının daha bir göstəricisidir. 

Seçkilərdə şəffaflığın təmin olunması məmnuniyyətlə qeyd olunub, media mənsublarının seçkilərdəki fəallığından da bəhs olunub.

MSK-nın iclasında seçki günü proseslərinə də toxunulub və qeyd olunub ki, həmin gün seçicilər azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ölkə üzrə seçicilərin 31,42 faizi səsvermədə iştirak edib. Səsvermə başa çatdıqdan bir neçə saat sonra, elə həmin gün seçki keçirilən bələdiyyələrin 96,35 faizini əhatə edən məlumatlar əsasında ilkin nəticələr ictimaiyyətin diqqətinə çatdırılıb.

İclasda o da bildirilib ki, səsvermə günü MSK və ya aşağı seçki komissiyalarına hər hansı qanun pozuntusu barədə heç bir şikayət və ya müraciət daxil olmayıb. Eyni zamanda diqqətə çatdırılıb ki, dairə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları və onlara əlavə edilmiş sənədlər də MSK tərəfindən tam, obyektiv və hərtərəfli yoxlanılıb. Əvvəlki araşdırmaların nəticəsi olaraq, MSK-nın müvafiq qərarları ilə ümumilikdə 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələri və 1 bələdiyyəyə seçkilər etibarsız hesab edilib. Həmçinin səsvermənin ilkin nəticələrinə görə bələdiyyə üzvü seçilənlərdən biri sonradan vəfat etdiyi üçün 1 bələdiyyə tam tərkibdə formalaşmayıb.

Beləliklə, MSK-nın yekdilliklə qəbul etdiyi qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməklə baş tutan bələdiyyə seçkilərində, ümumilikdə,  27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin və 3 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması nəzərə alınmaqla 8 min 39 nəfər bələdiyyə üzvü seçilib, 1 bələdiyyə tam olmayan və 681 bələdiyyə isə tam tərkibdə formalaşıb.

İclasın sonunda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib edilib və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

(MSK-nın Bələdiyyə seçkiləri ilə bağlı yekun protokolu qəzetimizin saytında yerləşdirilib.)

XQ

 

Избранный
40
16
xalqqazeti.az

10Источники