Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinə yekun vuruv. Bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilib və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.
"Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli Modern.az-a bildirib ki, qanunvericiliyin tələbinə uyğun olaraq 5 iş günü müddətində bələdiyyə üzvləri inzibati binaya toplaşır.
"Onlar arasından ən yaşlısı ilk bələdiyyə iclasına sədrlik edir. Elə birinci iclasda da bələdiyyə sədrinin seçilməsi ilə bağlı təşkilkatı məsələ qoyulur. Həmin üzvlərin içərisindən də sədr seçilir. Sonrakı proseslərdə isə müavin və komissiya sədrləri ilə bağlı məsələ öz həllini tapır. Bələdiyyə sədrinin müavinlərinin sayı 1, 2, bəzən bələdiyyə üzvlərinin sayına görə 3 də ola bilər. Hər halda əsas məsələ odur ki, ilk iclasa seçilmiş bələdiyyə üzvlərindən ən yaşlısı sədrlik edir və sədr seçkisi keçirilir. Sadə səs çoxluğu ilə qalib olmuş şəxs sədr seçilir”.
Qeyd edək ki, bələdiyyə seçkilərində yekun seçici fəallığı 31.42 faiz olub. Bələdiyyə seçkiləri nəticəsində 681 bələdiyyə tam tərkibdə formalaşıb, 8 min 39 bələdiyyə üzvü seçilib.