Dünya futbolunun braziliyalı əfsanəsi Ronaldo Braziliya millisinin dünya çempionluğunu qazanmaq üçün nə etməli olduğunu açıqlayıb.
Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, “Yekədiş” bu barədə dünya futbolunun digər bir braziliyalı əfsanəsi Romarioya müsahibəsi zamanı söhbət açıb:
“Neymar və Vinisius – Braziliya millisinin vacib dayaqlarıdır. Bu, görkəmli iki futbolçudur. Elə etmək gərəkdir ki, komanda onların naminə oynasın.
Neymar bir şəxsiyyətdir ki, gəncləri ilhamlandırır. O, fərdi xüsusiyyətlərə malikdir, meydanda özünü oda atır, özünə qarşı qayda pozuntularından da çəkinmir, qolları vurub sıralayır. Ümidvaram ki, o, yaxşı idman formasında geri dönəcək, axı o, qaydasında olarsa, onda milli komanda düzgün istiqaməti tapmağa qadirdir. Vinisisus Juniorun isə “Real”da etdikləri – ağlasığmazdır”, deyə Ronaldo vurğulayıb.
Xatırladaq həm Romario və həm də Ronaldo dünya çempionarları tarixinə öz möhürlərini vurublar. “Bəstəboy” ləqəbli Romario 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatında Braziliya millisinin “vuran ayağı”, meydanda aparıcı siması olub və “selesao”ya tarixində 4-cü dünya çempionluğunu qazandırıb. O vaxt meydna çıxmamış, amma dünya çempionluğunu qazanmış Ronaldo isə bu uğunu artıq aparıcı futbolçusu, qolçusu olduğu Braziliya millisi ilə 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın müştərək təşkilatçılığı ilə keçirilmiş dünya çempionatında təkrarlayıb.
Xatırladaq ki, 2026-cı il FIFA Dünya Kuboku Amerikanın üç ölkəsində – ABŞ, Kanada və Meksikada baş tutacaq. 24 yaşlı Vinisus Juniorun futbolçu gələcəyi hələ qabaqda olsa da, 33 yaşlı Neymar üçün bu mundial dünya çempionluğunu qazanmaq baxımından sonuncu fürsət ola bilər.