RU

Nəsirəddin Tusi irsinə həsr olunmuş tədbir keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də görkəmli azərbaycanlı alim, filosof, riyaziyyatçı və astronom Nəsirəddin Tusinin anadan olmasının 824-cü ili tamam olur. Bu münasibətlə Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakı şəhər Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada “Səmaya açılan yol: Tusi irsi” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova dahi alim Nəsirəddin Tusinin elmi irsinin əhəmiyyətindən danışıb. O, Tusinin astronomiya, riyaziyyat və fəlsəfə sahələrində dünya elminə verdiyi töhfələri vurğulayaraq, onun adını daşıyan Şamaxı Astrofizika Rəsədxanasının bu irsi layiqincə təbliğ etdiyini qeyd edib.

Tədbirdə “Zamanın əngəlliklərindən gələn dahi” adlı videoçarx nümayiş etdirilib.

Elmi sessiyada rəsədxananın böyük elmi işçisi Ülkər Rüstəm və Gənc Alim və Mütəxəssislər Şurasının məsul katibi Lalə Səlimzadə müvafiq olaraq “Tusi və astronomiya: elmə baxış və təsiri”, “Tusi və əxlaqi fəlsəfənin cəmiyyətə təsiri” mövzularında məruzə ilə çıxış ediblər.

Sonda Nəsirəddin Tusinin elm və yaradıcılığı ilə bağlı astrosərgidə şagirdlər tərəfindən hazırlanmış rəsmlər və maketlər nümayiş etdirilib.

Sərgi çərçivəsində təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub. Layihə üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutan şagirdlərə xüsusi sertifikatlar təqdim edilib. Eyni zamanda, məktəbin direktoru Xəyalə Veyisova və tədbirin təşkilati hissəsinə dəstək göstərən məktəbin fizika müəllimi Tünzalə Rəsulova və Coğrafiya müəllimi İlahə Sadıqova astronomiyanın təbliği və təşviqinə verdikləri töhfəyə görə təşəkkürnamələrlə təltif olunublar.

Избранный
29
2
azertag.az

3Источники