RU

Yeni süni intellekt təqdim edildi

İlon Mask "Grok 3"ün istifadəyə verildiyini elan edib və onu "dünyanın ən ağıllı süni intellekti" adlandırıb. 

Valyuta.az xəbər verir ki, bu barədə texnologiya milyarderi “X” sosial platformasında yazıb. 

"Düşünürəm ki, bu həftəsonu komandamızla məhsulu təkmilləşdirməyə fokuslanacağıq, buna görə də həmin vaxta qədər oflayn olacağam", – deyə Mask bildirib.

"Grok 3" sintetik məlumatlar əsasında öyrədilib və etdiyi səhvləri nəzərdən keçirərək məntiqi uyğunsuzluqları düzəltmək qabiliyyətinə malikdir.

Model indi performansını yaxşılaşdırmaq üçün sintetik məlumat dəstləri, özünü korreksiya mexanizmləri və gücləndirici öyrənmələrdən istifadə edir.

Maskın fikrincə, bu təkmilləşdirmələr yoxlamanın çoxsaylı mərhələlərindən istifadə etməklə yanlış cavabların sayını azaldacaq, etibarlı mənbələrdən məlumatı yoxlayaraq məntiqi dəqiqliyi artıracaq və daimi özünüqiymətləndirmə və öyrənmə yolu ilə daha effektiv olacaq.

“xAI” süni intellektin müasir həyatın ayrılmaz hissəsinə çevrildiyi bir vaxtda, “OpenAI”ın “ChatGPT”si kimi rəqiblər arasında üstünlük qazanmağa çalışır. 

İlon Mask dəfələrlə süni intellektin insan sivilizasiyası üçün risklər daşıdığını vurğulasa da, bu sahədə daha çox investisiya əldə etməyə çalışır. 

Qeyd edək ki, “xAI” ötən ilin dekabr ayında ABŞ-ın aparıcı vençur kapital şirkətləri, çip istehsalçıları “Nvidia” və “AMD” eləcə də Səudiyyə Ərəbistanı və Qətərdən olan investisiya fondları daxil olmaqla bir sıra investorların dəstəyi ilə 6 milyard dollar sərmayə toplayıb.

Maya Hüseynova

Избранный
69
valyuta.az

1Источники