RU

Mənzillərdə niyə qaz detektorları yoxdur? -

Qış fəslinin başlaması ilə dəm qazından zəhərlənənlərin sayı yenidən artıb. Demək olar ki, hər gün dəm qazının səbəb olduğu faciələrə şahid oluruq. Bu cür hadisələrin qarşısını təhlükəsizlik qaydalarına əməl etməklə almaq mümkündür. Mənzillərdə detektorların quraşdırılması qaz sızması halını minimuma endirir. Bəs nə üçün mənzillərdə detektorlardan istifadə olunmur? Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Metbuat.az-a açıqlamasında bildirib ki, dəm qazı rəngsiz və qoxusuz olduğu üçün insan onu instinktiv olaraq hiss edə bilmir: “Zəhərlənmə halları ən çox vanna otaqlarında baş verir. Buna görə də ölkəmizdə mövcud qaydalara əsasən, vanna otaqlarında qazla işləyən qurğuların quraşdırılması qadağandır. Qaydalara uyğun olaraq qazla işləyən su qızdırıcıları yalnız mətbəxdə quraşdırıla bilər. Vanna otaqlarında isə yalnız elektrik su qızdırıcılarının istifadəsinə icazə verilir. Bundan əlavə, qazla işləyən su qızdırıcıları olan otaqlarda mütləq havalandırma olmalıdır. Həm süni, həm də təbii havalandırma sistemləri işlək vəziyyətdə saxlanmalı, tüstü bacaları isə ildə ən azı iki dəfə təmizlənməlidir. Qaz cihazlarının quraşdırıldığı mətbəxlərdə isə tavan hündürlüyü minimum 2,2 metr olmalı və otaqda mütləq pəncərə olmalıdır. Təəssüf ki, bəzi hallarda mətbəxlərin pəncərələri ləğv edilir və ya divarla örtülür ki, bu da qətiyyən yolverilməzdir”. O.Musayev qeyd edib ki, dəm qazının vaxtında aşkar edilməsinin ən effektiv yollarından biri qaz detektorlarının istifadəsidir: “Avropa ölkələrində bu detektorların quraşdırılması geniş yayılıb və bu işlə lisenziyalı şirkətlər məşğul olur. Təəssüf ki, ölkəmizdə hələ də qaz detektorlarının quraşdırılması ilə bağlı effektiv tədbirlər görülmür. Bununla belə, hər kəs fərdi şəkildə satış məntəqələrindən qaz detektoru əldə edib istifadə edə bilər. Dəm qazından qorunmağın ən vacib yolu düzgün havalandırmanı təşkil etməkdir. Evlərdə və digər qapalı məkanlarda mütəmadi olaraq havalandırma aparmaq zəhərlənmə riskini xeyli azalda bilər”.Bəs mənzillər qazlaşdırılarkən sayğacla yanaşı, detektorlarla da təmin olunur?“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, mənzillərin qazlaşdırılmasını “Azəriqaz” İB həyata keçirmir:“İstənilən mənzilin qazlaşdırılması məqsədilə ASAN Kommunala xüsusi mülkiyyət sənədləri ilə müraciət edilir. Əgər mənzil yeni standartlara və texniki parametrlərə uyğun olarsa, “Azəriqaz” İB həmin müraciət əsasında texniki şərt hazırlayaraq sahibkara təqdim edir. Bundan sonra sahibkar xüsusi lisenziyası olan podratçı şirkətlərdən birini seçərək binanın qazlaşdırılmasını həyata keçirir. Biz yalnız texniki şərti təqdim edirik.Detektorlar məsələsinə gəlincə, “Azəriqaz” İstehsalat Birliyi texniki şərti təqdim edərkən detektorların quraşdırılmasını məcburi qaydada qeyd edir. Yəni texniki şərtdə bu tələb öz əksini tapır. Əgər yeni tikilən binalarda detektorlar quraşdırılmırsa, “Azəriqaz” İB həmin binanın qazlaşdırılmasını təhvil almır, çünki texniki şərtin tələbləri yerinə yetirilməmiş sayılır”.Qurum rəsmisi qeyd edib ki, köhnə binalarda isə vəziyyət bir qədər fərqlidir:“Bu hallarda yalnız texniki müayinələr zamanı “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları mənzil sahiblərinə detektorları öz şəxsi vəsaitləri hesabına əldə etməyi tövsiyə edirlər. Bunun üçün böyük maliyyə vəsaiti tələb olunmur və onların quraşdırılması vacib təhlükəsizlik tədbiri hesab olunur. Lakin yeni binalarda detektorların quraşdırılması artıq məcburi şərt kimi irəli sürülür və qazlaşdırma yalnız bu tələb yerinə yetirildikdə həyata keçirilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
9
metbuat.az

1Источники