2025-ci ilin ilk 6 ayından sonra ölkəmizdə qohum evliliyi qanunvericiliklə qadağan ediləcək. Mütəxəssislər bildirirlər ki, qohum evliliyi genetik xəstəliklərin artmasına və gələcək nəsillərin sağlamlıq problemləri ilə üzləşməsinə səbəb ola bilər.
Qanunvericilikdə isə qohum evliliyinə cəhd edənlər üçün hər hansı cəza nəzərdə tutulmayıb. Ekspertlər bildirirlər ki, qanunların sərtləşməsi bəzi ailələri rəsmi nikahdan yayınmağa sövq edə bilər. Azərbaycanda son illərdə vətəndaş nikahına marağın artdığı müşahidə olunur və yeni qadağaların bu tendensiyanı daha da gücləndirəcəyi ehtimal edilir.
Modern.az–a mövzu ilə bağlı şərh verən ekspertlər bildirir ki, məsələnin tənzimlənməsi üçün maarifləndirmə işi aparılmalıdır. Mütəxəssislər bildiri ki, maarifləndirmə işi pərakəndə deyil davamlı həyata keçməlidir, bu səbəbdən hələ məktəblərə gender bərbaərliyi, erkən nikah, qohum evliliyi problemləri tədris olunmalıdır.
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, hələ Sovet dövründə məktəblərdə etika fənni tədris olunurdu. Müstəqilliyin bərpasından sonra isə insan və cəmiyyət adlı fənn tədris olunmağa başlandı. Həmin fəndə də şagirdlərə müəyyən informasiyalar ötürülürdü, hazırda isə bu informasiyalar çox səthi formada həyat bilgisi fənnində tədris olunur və bu kimi məsələlər tam ətraflı dərsliklərdə öz əksini tapmır.
“Ölkəmizdə qohum evliliklərinə qadağa qoyulması, erkən nikahların rəsmiləşdirilməsi üçün edilən güzəştlərin aradan qaldırılması bundan sonra gender, ailə münasibətləri, nikah kimi məsələləri özündə birləşdirən fənnin tədris olunmasına ehtiyac yaradır. Məktəblərdə psixologiya fənninin tədris olunması və bu kimi məsələlərin orada işıqlandırılması daha düzgün olar. Çünki uşaqların həm ümumi insan psixologiyasını bilməsi və buna uyğun olaraq gələcəkdə sağlam qərarlar verməsinə həmin fənnin təsiri olacaq. Psixologiya fənnində erkən nikah, qohum evliliyi və onların yaratdığı problemlər də öz əksini tapa bilər”.
Ekspert onu da vurğulayıb ki, konkret fənnin tədris olunmasından əlavə bu kimi mövzular dərsliklərin proqramına salına bilər:
“2025-ci ildə tədris vəsaitləri yenilənməlidir, ancaq yenilənəcək mövzularda erkən nikah və qohum evliliyi kimi məsələlərə yer verilibmi o haqda dəqiq məlumatım yoxdur. Həftədə bir və ya iki dəfə bu kimi fənnin keçirilməsi və bu mövzuya diqqətin ayrılması məqsədəuyğun olar. Burada tək Elm və Təhsil Nazirliyin deyil, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üstünə düşülməlidir. Elm və Təhsil Nazirliyi birbaşa elmlə məşğul olduğu kimi, həmin komitə də birbaşa ailə məsələləri, bu sahədə olan problemlər və onların qarşısının alınması sahəsində çalışır. Düşünürəm ki, həmin komitə nazirliklə konkret saziş imzalamalı, müəyyən informasiyalar vermək üçün həmin komitənin xüsusi nümayəndəlikləri davamlı olaraq məktəbləri gəzməli, valideynlərlə görüş keçirməli və onlara lazımi məlumatları verməlidirlər”.
Elçin Əfəndi sonda onu da bildirib ki, ölkədə 4380 məktəb var və bu məktəblərin hər brini müxtəlif qruplar ayıraraq gəzmək təxminən 4-5 ay vaxt ala bilər. Tədris ilinin əvvəlindən başlasalar demək olar ki, birinci yarımildə artıq proses bitə bilər.