RU

Ədəbiyyat Muzeyində Beynəlxalq Ana Dili Gününə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan “Dilimiz – qürurumuz” mövzusunda ədəbi-musiqili tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib.

Tədbiri açan muzeyin direktoru akademik Rafael Hüseynov dilin milləti tarix içərisində yaşadan, inkişaf etdirən, onu sabahlara aparan əsas ünsiyyət vasitəsi olduğunu söyləyib, dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən və əhəmiyyətindən danışıb.

Əlamətdar günün muzeydə keçirilməsinin rəmzi məna daşıdığını deyən direktor bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan olunub. 1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra AXC Nazirlər Kabineti “Metropol” adlanan indiki Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları Ədəbiyyat Muzeyində keçirilib, həmçinin ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz bu tarixi binada qəbul olunub.

Akademik Rafael Hüseynov Cümhuriyyət hökumətinin Azərbaycan dilində savadlı milli kadrların hazırlanması məqsədilə ölkədəki təhsil müəssisələrinin milliləşdirilməsi haqqında qərarının da Ədəbiyyat Muzeyində qəbul edildiyini xatırladıb. O, 1918-1929-ci illərdə Azərbaycan dilində fəaliyyət göstərən ali təhsil müəssisələrinin yaradılması və Azərbaycan əlifbasının islahatı üçün ilk addımların atılması kimi əsas nailiyyətləri diqqətə çatdırıb.

Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən akademik Rafael Hüseynov Ümummilli Liderin dil haqqında söylədiyi “Azərbaycan dili çox gözəl, həm də ləzzətli dildir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. Dilimiz zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir”, - sözlərini xatırladıb. O, Heydər Əliyevin xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, Ulu Öndər Azərbaycan dilinin ülviliyi və şirinliyini, dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman qeyd edib. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi isə Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Akademik Rafael Hüseynov daha sonra “Azərbaycan dili – milli varlığımızın ifadəçisi” mövzusunda məruzəsini təqdim edib. Alim vurğulayıb ki, tarixi minilliklərin sınağından, hakim rejimlərin işğalından, yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər saflığını, təmizliyini, zənginliyini qoruyaraq gələn Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm əhəmiyyət daşıyır. Ona görə də hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

Dahi türk mütəfəkkiri Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin qiymətli və əhəmiyyətli toplu olduğunu söyləyən məruzəçi qeyd edib ki, bu əsərdə türk dilini öyrənməyin zəruriliyi hədislə əsaslandırılır. “Divanü lüğat-it-türk” türkcənin ilk lüğəti, ensiklopediyası və dil məlumatı kitabıdır.

O, həmçinin Əlişir Nəvainin öz “Mühakəmət-ül Lüğəteyn” əsərində türk və fars dillərini qarşılaşdırdığını deyib. Bildirib ki, Əlişir Nəvai dilimizin farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir.

Məruzəçi diqqətə çatdırıb ki, bütün dönəmlərdə ziyalılarımız, xüsusilə də şair və yazıçılarımız Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparıblar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəməyiblər.

Alim çıxışının sonunda Azərbaycanda ana dilində yaranan dərsliklərin tarixindən, yazılma səviyyəsindən də danışıb.

Sonra görkəmli Xalq şairi Nəriman Həsənzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Həmçinin şairin “Qarabağnamə İlhamımdır” poemasından bir parça, “Ana” şeiri, “Nərdivan”, “Xoşbəxtlik” şeirlərinə bəstələnmiş musiqilər səsləndirilib.

Tədbirə onlayn qoşulan Xalq şairi Nəriman Həsənzadə Beynəlxalq Ana Dili Gününə həsr olunan toplantının böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, yaradıcılığına verilən dəyərə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Ədəbi-musiqili tədbir 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin – “Kitab klubu” dərnəyinin, “İnstrumental xalq çalğı alətləri” ansamblının və “Milli rəqs” dərnəyinin iştirakı ilə davam edib.

Sonda akademik Rafael Hüseynov tərəfindən 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyinə və şagirdlərə “Azərbaycanşünaslıq mühazirələri” kitabı və Ədəbiyyat Muzeyinin sertifikatları təqdim olunub.

Избранный
74
1
azertag.az

2Источники