RU

Cavid Abdullayev: “Xızı-Abşeron” KES-də bu il turbinlərin istismara verilməsi planlaşdırılır"

Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının turbinlərinin quraşdırılması və istismara verilməsi planlaşdırılır.

“Report”un Xızıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

Onun sözlərinə görə, layihə Abşeron və Xızı rayonlarında ümumilikdə 36 hektar ərazidə həyata keçirilir. Stansiyanın 12 külək turbinindən ibarət 78 MVt gücündə olan hissəsi Abşeron rayonunda, 25 külək turbinindən ibarət 162 MVt gücündə olan hissəsi isə Xızı rayonunda yerləşəcək.

“Abşeronda illik 300 milyon kilovat/saatdan, Xızıda isə 600 milyon kilovat/saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır”, - deyə C. Abdullayev bildirib.

O vurğulayıb ki, Azərbaycanın “təmiz ətraf mühit və yaşıl artım” ölkəsi prioritetinə uyğun olaraq həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkədə bərpa olunan enerji sahəsində ən böyük layihələrdən biridir:

“Layihə tamamilə xarici investisiya hesabına, "ACWA Power" şirkəti tərəfindən icra edilir. Bu, enerji mənbələrinin şaxələndirilməsi yolu ilə ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, "yaşıl enerji" istehsalının artırılması və ekoloji dayanıqlılığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

C. Abdullayev qeyd edib ki, Azərbaycanın külək enerjisi potensialı, "yaşıl enerji" sahəsinə olan böyük maraq və xarici investorlar üçün yaradılmış əlverişli mühit bu layihənin reallaşmasına təkan verib:

“Stansiya ölkənin ümumi enerji balansında "yaşıl enerji"nin payını əhəmiyyətli dərəcədə artıracaq. İlkin hesablamalara görə, burada illik 1 milyard kilovat/saata yaxın elektrik enerjisi istehsal olunacaq. Bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə, atmosferə atılan karbon emissiyasını 400 min tondan çox azaltmağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək”.

Layihənin ümumi investisiya dəyəri təqribən 340 milyon ABŞ dolları təşkil edir. Hazırda stansiyada hər birinin gücü 6,5 MVt olan 4 turbin quraşdırılıb.

C. Abdullayev əlavə edib ki, aparılan tədqiqatlar Abşeronda küləyin orta illik sürətinin 9,35 m/s, Xızıda isə 9,63 m/s olduğunu göstərir. Bu göstəricilər turbinlərin səmərəli fəaliyyəti üçün kifayət qədər yüksəkdir və stansiyanın enerji istehsalında dayanıqlılığını təmin edəcək, o vurğulayıb.

Избранный
32
1
report.az

2Источники