RU

“ACWA Power”: Azərbaycanın liderlik etdiyi "yaşıl enerji dəhlizi" ilə bağlı planlarımız var

Azərbaycanın liderlik etdiyi "yaşıl enerji dəhlizi" ilə bağlı müəyyən planlarımız mövcuddur.

“Report”un Xızıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan neft və qaz sahəsində qazandığı uğurları və etibarlı tədarük təcrübəsini "yaşıl enerji" sektoruna daşıyacaq:

“Bu layihə çərçivəsində Azərbaycandan Avropaya, həmçinin Özbəkistan və Qazaxıstandan Azərbaycana uzanan bir enerji dəhlizi qurmaq planlaşdırılır. Eyni zamanda, Azərbaycandan Naxçıvan vasitəsilə Türkiyəyə də "yaşıl enerji dəhlizi"nin çəkilməsi nəzərdə tutulur. Bu dəhlizlər regiondakı zəngin "yaşıl enerji"nin Avropa və digər ehtiyac duyan bazarlara ixracını təmin edəcək. Biz bu hədəflərə ən qısa zamanda nail olunması üçün dəstək göstərməyə çalışırıq”, - deyə S. Güven vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Hazırda “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində, 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi həyata keçirilir. Layihə Abşeron-Xızı ərazisində Pirəkəşkül və Sitalçay yaxınlığında həyata keçirilir.

2023-cü ildə “ACWA Power” ilə əldə edilən razılığa əsasən, dənizdə 1,5 QVt-dək, quruda isə 1 QVt külək stansiyalarının yaradılmasını nəzərdə tutulur.

Избранный
44
report.az

1Источники