Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 15-ci turun oyunlarına start veriləcək.
"Football-plus.az" xəbər verir ki, iki günü əhatə turun bütün görüşləri PFL-in “1-ci liqa//2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.
İlk matçda “Cəbrayıl” “Karvan”ı qəbul edəcək. Son 7 qarşılaşmada qələbəyə həsrət qalan Qarabağ təmsilçisi xeyli xal itirdiyindən ortabablar sırasındakı mövqeyini itirmək üzrədi. Görünən odu ki, Əli Muradov da “Cəbrayıl”ı iddialı komanda halına gətirməkdə çətinliklə üzləşib. Yevlaxlıların düşərgəsində isə yaxşı əhval-ruhiyyə var. “Karvan” güclülər arasında qərarlaşmaq arzusunda olan MOİK-i məğlub etməklə mövqeyini gücləndirdiyindən bu görüşdə də qələbə üçün əlindən gələni əsirgəməyəcək. Ona görə ki, Kənan Kərimov “İmişli” və “hərbçilər”in premyer-liqaya yüksəlmək arzusundan xəbərdardı.
MOİK evdə “Qəbələ” ilə qarşılaşacaq. Qəzənfər Abbasovun komandası liderlə görüşdə meydanı üzgün tərk etmək təhlükəsiylə üz-üzədi. Axı “qırmızı-qaralar”ı hələ heç kim məğlub edə bilməyib. Yenə də “hərbçilər” yalnız baxımlı oyunla yadda qalmağa yox, həm də lideri büdrətməklə qarşıdakı oyunlar üçün motivasiya mənbəyi tapmağaçalışmalıdı. “Qəbələ”yə gəlincə, durum göz önündədi. Rəqib tanımayan bölgə təmsilçisi ən yaxın izləyicisi “Karvan”ı 7 xal qabaqlamağın xoşbəxtliyini yaşayır.
İlk oyun gününə “İmişli” – “Zaqatala” dueliylə yekun vurulacaq. Meydan sahibləri bu matça yetərincə ciddi yanaşmalıdı. Fərid Namazovun komandası qələbə sayəsində ilk “üçlük”dəki mövqeyini gücləndirməli, düşərgədə xoş olmayan ab-havanın yaranmasına imkan verməməlidi. Qonaqlar isə “İmişli”ni məğlub etməklə bu komanda ilə xalını bərabərləşdirə bilər. Təbii ki, zaqatalalılar belə ciddi fürsəti boşa vermək istəməyəcək.
Fevralın 20-də keçiriləcək ilk oyunda “Baku Sportinq” “Mingəçevir”i qəbul edəcək. Paytaxt təmsilçisi ötən həftə “Qaradağ Lökbatan” üzərində qazanılan qələbə sayəsində həm ortabablar sırasında mövqeyini qorudu, həm də ardıcıl 5 matç davam edən qələbə və qol “orucunu” pozdu. İndi autsayderi yenməklə növbəti uğura imza atmaq, həm də xal ehtiyatını artırmaq mümkündü. “Nur şəhəri”nin təmsilçisinə gəlincə, Füzuli Məmmədovun təyinatı da 1-ci liqanı tərk etmək təhlükəsiylə üz-üzə qalan komandaya yardım etməyib.
Tura auysaderlərin dueliylə - “Difai” - “Qaradağ Lökbatan” oyunu ilə yekun vurulacaq. Hər iki komanda təhlükəli mövqelərdən xilas olmaq uğrunda tər tökəcək. Ağsu təmsilçisinin qış fasiləsindən sonra yalnız “Qəbələ”yə uduzduğunu nəzərə alsaq, meydan sahiblərini daha şanslı saya bilərik. “Qaradağ Lökbatan”ın əsas problem isə sabit nəticələr qazanmaqda çətinlik çəkməsidi. Hər halda, bir xal qonaqlar üçün sərfəli nəticə olacaq. “Difai” isə yalnız qələbə üçün vuruşmalıdı.
19 fevral
Cəbrayıl – Karvan
Bakı, “ASCO Arena”. Saat 14.00.
MOİK – Qəbələ
Binə, qəsəbə stadionu. Saat 14.00.
İmişli – Zaqatala
İmişli, Heydər Əliyev adına şəhər stadionu. Saat 14.00.
20 fevral
Baku Sportinq – Mingəçevir
Binə, qəsəbə stadionu. Saat 13.30.
Difai – Qaradağ Lökbatan
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Xal durumu: Qəbələ - 36, Karvan – 29, İmişli – 24, Zaqatala – 21, MOİK – 20, Baku Sportinq – 18, Cəbrayıl – 15, Qaradağ Lökbatan – 12, Difai – 10, Mingəçevir – 8.
Bombardirlər: Bəhruz Teymurov, Emil Qasımov (hər ikisi “Karvan”) – 10, Seyxan Fərəcov (İmişli) – 7.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта