2024-cü ildə Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 53,2 milyard manat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,9 milyard manat və ya 5,2 % azdır.

Ötən il paytaxtda sənaye məhsulunun 75,9 %-i mədənçıxarma, 20,9 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin yanvarın 1-nə 342,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Qeyd edək ki, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. 2023-cü illə müqayisədə sənaye məhsulu istehsalı 1,1 % artıb. Məhsul istehsalı neft-qaz sektorunda 0,5 %, qeyri neft-qaz sektorunda isə 7,3 % artıb.