2024-cü ildə Bakıda ticarət dövriyyəsinin həcmi 37 milyard 756,2 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 4,6 % çoxdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 % artaraq 21 milyard 339,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,6 % artaraq 16 milyard 416,8 milyon manata bərabər olub.

İstehlak məhsullarının 32,8 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 55,4 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,8 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.