RU

Böyük insanların həyatı onların ölümündən sonra başlayır

"Müşahidələr və faktlar göstərir ki, "böyük insanların həyatı, onların ölümündən sonra başlayır" fikrində həqiqət var. Bu bəlkə də kimlərəsə təsəlli mesajı deyil. Reallıqdır. 
Müqəddiməsiz mətləbə keçmək istərdim. Acı taleli  Məhəmməd Hadinin də həyatı belədir. Səfalət içində bu dünyadan köçəndən sonra Hadi yadda düşdü, xatırlandı, adı əbədiləşdirildi. Əsərləri nəşr olundu. Təəssüf ki, bəzi şəxsiyyətlərə sağlığında deyil, ölənlər sonra dəyər  verilir, onların necə böyük insan olduğu dərk olunur".  "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Məhəmməd Hadi ilə bağlı bəzi məqamlara qısaca nəzər salaq.
O,1879-cu ildə Şamaxının sayılan seçilən tacirlərindən olan Əbdülsəlim kişinin ailəsində anadan olub. Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə "Hadi" (ərəbcə-doğru yol göstərən) təxəllüsünü seçib. Hadi şeirlə yanaşı, ədəbi, ictimai, siyasi və elmi məqalələr də yazırdı. İstanbulda oxumağa gedir, işləyir, lakin başına olmazın müsibətlər gəlir. Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən əmisi oğlunun köməyi ilə ticarət işinə əl atmış, lakin bu işə marağı olmadığından işi tezliklə tərk etmişdir. 1902-ci ildə yanvar ayının son günündə Şamaxıda təbii fəlakət baş verir. Şamaxı zəlzələsindən sonra hamı kimi Məhəmməd Hadi də oradan  köçür.  
 Ömər Faiq.Nemənzadə  öz xatirələrində yazır:  "1902-ci il yanvarın 31-də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görünməmiş yer tərpənişi oldu. Bu gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü idi. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş, evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq  Kürdəmirə getmiş, ibtidaən bir əttar dükanı açmış isə də, ondan da bir şey çıxmadığını görüncə, ikinci kərə olaraq zərər ilə dükanı qapamışdır".
Digər mənbədə Hadinin Türkiyə  həyatına nəzər salınıb. Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Hadinin İstanbul həyatından yazırdı: "Yüksək rütbə sahibini təhqir etmək üstündə onu həbsə alırlar və Salonik şəhərinə sürgün edirlər. Yunanlar Hadinin türk casusu hesab edir, öldürmək istəyirlər. Bir yunan keşişi onu himayəsinə alıb xilas edir. Salonikdə, sürgündə olanda çox ağır və acı həyat keçirir. Günlərlə ac qalır. Sürgündən qayıdandan sonra Bakıya dönür. Ruhi xəstəxanada yatır. Müalicə olunub xəstəxanadan çıxdığı vaxt Birinci dünya müharibəsi başlayır. Məhəmməd cənub-qərb cəbhəsinə könüllü xidmətə gedir. 1915-ci ildə Qafqaz ordusunda feldşer sifəti ilə çalışdığı zaman Avstriya cəbhəsinə, Karpata gedir, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini icra edir".
 Yazıçı Manaf Süleymanov yazır: "Hadi sürgündən sonra  qayıdıb gəlir, aclıq keçirir. Hər gün Məhəmməd Hadi üç vərəqə şeir yazıb Qubernator bağına çıxıb hər vərəqi satırdı. Qazandığı pula qara çörək, soğan və araq alıb evə gedirdi. Hər gün şeir həvəskarları bağda onu gözləyirdilər ki, heç olmasa şairin bir vərəqə öz əli ilə yazdığı şeiri alıb oxusunlar. Onun vəziyyətindən xəbər tutan Azərbaycan Cümhuriyyət naziri Cavanşir xan Behbud şairin yanına gəlir və deyir "Hadi əfəndi, xahiş edirəm, buyurun maşına, bərabər gedək. Siz bizə lazımsınız". Şair onu dərin, mənalı tərzdə süzüb, məğrur bir səslə dedi: "Gedin! Şairinki nazirlə tutmaz!".
 Professor  Bədirxan Əhmədli "Gəncə üsyanı ədəbi-bədii düşüncədə" adlı məqaləsində yazır: "Romantik şair Məhəmməd Hadinin ölümünü Gəncə üsyanı ilə bağlayanlar da var. Son vaxtlarda M.Hadinin də Gəncə üsyanında iştirak etməsi ilə bağlı ehtimallar çoxalmışdır. Məlumdur ki, XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi Məhəmməd Hadinin ölümü ilə bağlı müxtəlif versiyalar vardır. Hətta XX əsrin 70-ci illərinə qədər şairin nə vaxt, harada, hansı şəraitdə vəfat etməsi barədə informasiya yox idi. O zaman görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədov bununla bağlı araşdırma aparmış, onun qəbrini dəqiqləşdirmişdi. Bu dəqiqləşdirmə nəticəsində məlum olmuşdu ki, şair 1920-ci ilin mayında vəfat etmişdir. Əlbəttə, dəqiq tarix yoxdur. Lakin bu fakt şairin Gəncə üsyanında iştirakının heç də istisna etmirdi".  
 Göründüyü kimi, mənbələr  ziddiyyətli məlumatlar verir. Hətta  Hadinin 1920-ci ilin may ayında Gəncədə soyuq dəymədən vəfat etdiyini və orada da dəfn olunuğunu qeyd edənlər var. Bəzi ehtimallara görə, Məhəmməd Hadi 1920- ci ildə Gəncə üsyanı zamanı əhalinin qarşısına çıxaraq "Qırın bu kafirləri, onlar bizim dövlətimizi əlimizdə aldı",- deyərək çağrış edib. Bundan sonra onu üsyan zamanı ələ keçirən bolşeviklər sorğusuz-sualsız güllələyiblər. Amma bütün hallarda nakam taleli bu, insanın ömür karvanı, ölümü kədərlidir.  Dünyada çox ağır taleli böyük istedad sahibləri olub. Belə intellekt sahibləri hər zaman öz potensiallarını doğru istiqamətə yönəldə bilmirlər. Yarıda qırılan ömür, dövrün ədalətsizliyi və yaxud həmin insanın özünün səhvləri və s. səbəblərdən belə hallar baş verib.  Etiraf etmək lazımdır ki, Məhəmməd Hadi gerçəkdən Azərbaycanın itirilmiş sərvətidir. Müsbət haldır ki, Hadi yaradıcılığına heç olmasa ölümündən sonra müraciət olundu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники