RU

Sədrəddin İsmayılov: Azərbaycan və Türkiyə arasında münasibətlərin əsas qanunu Şuşa Bəyannaməsidir

Azərbaycan və Türkiyə arasında münasibətlərin əsas qanunu Şuşa Bəyannaməsidir.

Bunu “Report” İnformasiya Agentliyinin əməkdaşı, siyasi ekspert Sədrəddin İsmayılov fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Sənədin hər iki ölkənin Konstitusiyasına, beynəlxalq normalara və BMT nizamnaməsinə uyğun yazıldığını deyən Sədrəddin İsmayılov Azərbaycan və Türkiyə mediasının qarşılıqlı strateji əməkdaşlığının da bu sənədə əsaslandığını bildirib:

“Sənəddə nəzərdə tutulan ərazi bütövlüyü və suverenlik, terrora qarşı birgə mübarizə, xarici siyasi kursda addımları uzlaşdırmaq və s. mediaya ortaq işlər görmək üçün xeyli meydan verir. Azərbaycan mediasında Türkiyə ilə bağlı xəbərlər, təhlil, mədəni yazılara daha tez-tez rast gəlmək olur. Hətta futbol üzrə Super Liqanın oyunlarını Azərbaycan da Türkiyə qədər izləyir, münasibət bildirir”.

Ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərlərinin regional və qlobal əhəmiyyətli açıqlamalarının, bir sıra hallarda ölkədaxili məsələlərə dair çıxışlarının Azərbaycan mediasında yayılmasından, təhlil motivi olmasından danışıb.

“Eləcə də Türkiyənin terrora qarşı mübarizəsi Azərbaycan mediasının daim gündəliyindədir. Son illər Türkiyə mediasında da Azərbaycandakı hadisələrə marağın yarandığı müşahidə olunur”.

S.İsmayılov 44 günlük Vətən müharibəsi zamanı Türkiyə mediasının cəbhədə baş verən hadisələri obyektiv şəkildə işıqlandırmasına, həmçinin post-müharibə dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və ölkənin başqa rəsmilərinin Azərbaycan və Cənubi Qafqazla bağlı açıqlamalarının operativ şəkildə yayılması məsələsinə xüsusi diqqət çəkib.

“Bu baxımdan, qardaş ölkənin mediasında qarşılıqlı strateji əməkdaşlığa əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və başqa rəsmilərinin regional, qlobal, hətta Türkiyə ilə bağlı açıqlama və dəyərləndirmələrini yayılması da məqsədəuyğun sayılar”.

“Report” İA-nın əməkdaşı 2023-cü ildə Prezident İlham Əliyevin başqa dövlətlərdə yaşayan Azərbaycan türkləri də daxil olmaqla türklərin ana dilində təhsil ala bilmədiklərinə dair çıxışını xatırladıb.

“Hər kəsə bəllidir ki, bu məsələ daha çox İrana aiddir. Türkiyə mediasının İranda Azərbaycan türklərinin ana dilində məktəblərinin olmaması məsələsini, habelə onların milli-mədəni hüquqlarının tapdanması məsələsini diqqətdə saxlaması da əməkdaşlığın ruhuna uyğun sayılar”.

Siyasi ekspert Azərbaycan və Türkiyə arasında müştərək mədəni layihələrin olduğunu da vurğulayıb.

“Bu mənada, “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və “Türkiyə Radio və Televiziya Qurumu” arasında imzalanan memoranduma əsasən ortaq istehsal olunan “1926-cı il Türkoloji qurultay” bədii-sənədli filmini örnək göstəmərmək mümkündür”.

S. İsmayılov çıxışının sonunda 2021-ci il fevralın 1-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalamasının Türk Dövlətləri Təşkilatının başqa üzvləri üçün də nümunə ola biləcəyini istisna etməyib.

Избранный
27
report.az

1Источники