RU

Belaydi Pusi “Şamaxı”nı Rusiya klubuna dəyişdi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu albaniyalı hücumçusu Belaydi Pusi ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun Rusiya Premyer Liqasında çıxış edən “Fakel”lə (Voronej) razılıq əldə etdiyi və hazırda yeni klubunun düşərgəsində olduğu bildirilib. Albaniyalı hücumçu tibbi baxışdan keçdikdən sonra yeni klubu ilə rəsmi müqaviləyə imza atacaq. 27 yaşlı forvard cəlbedici dəvətə “yox” deyə bilməyb. Rusiya Premyer Liqası iştirakçılarından olan “Fakel” Pusiyə Şamaxıda qazandığının 3 mislini təklif edib. 3 ilə yarım milyon dollarlıq müqaviləni razılaşdıran hücumçu qonşu ölkəyə üz tutub. “Şamaxı” da bu keçiddən qazanıb. Rusiya klubu təmsilçimizə 130 min dollar transfer haqqı ödəyib. Amma şübhəsiz ki, bu keçid “Şamaxı” üçün əlavə problem yaradacaq. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan bölgə təmsilçisi əsas hücumçusunu itirib. Pusinin israrla getmək istəməsi, klubun satışdan pul qazanmaq həvəsi komandanın nəticələrinə təsirsiz ötüşməyəcək.

Belaydi Pusi cari mövsümün əvvəlində, 2024-cü ilin yayında “Turan Tovuz”dan ayrılaraq “Şamaxı”ya üz tutmuşdu. Həmin vaxt albaniyalı hücumçu ilə 1 illik müqavilə imzalanmışdı. 27 yaşlı hücumçu bu komandanın heyətində meydana çıxdığı 22 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Pusi 2023-cü ilin yanvar ayından Azərbaycanda çıxış edirdi. Onu ölkəmizə ilk olaraq, “Turan Tovuz” gətirmişdi. Pusi Tovuz klubunda bütövlükdə 54 oyun, 7 qol və 6 assistlə yadda qalıb.

Belaydi Pusi daha öncə “Skenderbeu” və “Vlajniya” kimi klublarda da forma geyinib.

Избранный
34
arena.az

1Источники