Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin yeni administrasiyasının Qəzza sakinlərini məskunlaşdırmaq planlarının qəbuledilməz olduğunu və Türkiyənin buna imkan verməyəcəyini bir daha bəyan edib. Manset.az-ın əldə etdiyi məlumata görə, Türkiyə prezidenti bunu hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında parlamentdə çıxışı zamanı deyib. “Biz qətiyyətlə vurğuladıq ki, İsrail tərəfindən qızışdırılan, məqsədi Qəzzadakı qardaşlarımızı vətənindən çıxarmaq olan Amerika administrasiyasının qeyri-insani, qeyri-qanuni planlarının həyata keçirilməsinə heç vaxt icazə verməyəcəyik”. Qeyd edək ki, Fevralın 4-də ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bəyan edib ki, Vaşinqton Yaxın Şərqdə sülhün bərqərar olması naminə Qəzza zolağına uzunmüddətli sahiblik etməyi nəzərdən keçirir.