RU

Bölüşdürülməsi uğrunda mübarizə gedən Ukrayna nələrə sahibdir? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kiyev ABŞ pullarının hara getdiyini ya izah etməlidir, ya da geri qaytarmalıdır. Tramp Ukraynadan 500 milyard dollar ekvivalentində nadir torpaq minerallarını tələb edir.

 

Maraqlıdır, sərvətlərinin bölüşdürülməsi uğrunda mübarizə gedən Ukrayna nələrə sahibdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadi ekspert Eldəniz Əmirov bildirdi ki, Ukrayna 18 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir.

 

Onun sözlərinə görə, bu sərvətlər arasında litium, qrafit, kobalt, titan və nadir torpaqlar kimi sənaye üçün vacib minerallar yer alır:

 

“Bu ölkə titan, sirkonium, qrafit və manqan istehsalı üzrə dünya üzrə ilk 10 ölkə arasında yer alır. Onun litium ehtiyatları təxminən 500,000 metrik tonla Avropada ilk sıralarda gəlir.  Eləcə də Ukraynanın nadir torpaq metal ehtiyatları arasında lantan, serium, neodimium və itrium kimi mühüm elementlər mövcüddur ki, bunlar müxtəlif yüksək texnologiyalı sahələrdə, o cümlədən elektrik maşınları, külək turbinləri və nüvə enerjisi üçün istifadə olunur”.

 

E.Əmirov qeyd edib ki, bu sərvətləri ələ keçirən və ya bu sərvətlərdən pay qopara bilən ölkələr müdafiə sənayesi və təhlükəsizlik məsələlərində, yüksək texnologiyalar və istehsal proseslərində, elektrikli nəqliyyat və enerji keçidində, ümumi iqtisadi inkişafda, geosiyasi rəqabətdə ciddi uğurlar və hətta liderlik mövqeyi əldə edə biləcək:

 

“Çünki litium və kobalt kimi minerallar, elektrikli avtomobillər və enerji saxlama texnologiyaları üçün vacibdir. Nadir torpaq metalları, yüksək texnologiyalar və külək turbinləri kimi sahələrdə istifadə olunur. Titan və digər minerallar, hərbi avadanlıqların istehsalında vacibdir. Bu sərvətlərin hasilatı və emalı iqtisadiyyatı gücləndirərək, beynəlxalq ticarətdə mühüm rol oynamağa imkan verəcəkdir. Beləliklə, Ukraynanın sərvətlərinə nəzarət edən ölkə, qlobal diplomatik təsirini artıraraq, strateji üstünlük əldə edə bilər”.

 

Firuzə Əliyeva
 

Избранный
15
3
sfera.az

5Источники