Donald Tramp Ukrayna ilə Rusiya arasındakı münaqişənin gedişatına dair sərt və təzadlı fikirlər irəli sürüb.
Onun sözlərinə görə, Rusiya istəsəydi, Kiyev də daxil olmaqla Ukraynanın şəhərlərini məhv edə bilərdi, amma bunu etməyib. Tramp Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin bir neçə il öncə daha yaxşı fürsət olduğunu və bu prosesdə "orta səviyyəli bir vasitəçi"nin bu problemi çox rahat həll edə biləcəyini vurğulayıb.
Münaqişənin başlanğıcından bəri danışıqların olmaması və kifayət qədər ciddi addımların atılmaması Ukraynanı ciddi itkilərə uğradıb. Trampın tənqid etdiyi digər məqam isə Ukraynanın ABŞ-dən aldığı yardımların şəffaf olmamasıdır. O qeyd edib ki, yüz milyardlarla dollar məbləğində yardım göndərilsə də, bu vəsaitin necə istifadə olunduğu ilə bağlı konkret və şəffaf hesabatlar yoxdur. Bu, yalnız ABŞ-də deyil, beynəlxalq aləmdə də narahatlıq yaradır.
Eyni zamanda, Tramp Ukraynanın sülhə gedən yolda daha ciddi addımlar atması üçün prezident seçkilərinin keçirilməsini şərt qoyur. O, Zelenskinin rəhbərliyini və xalqın ona dəstəyini zəif hesab edir, bunun da gələcəkdə sülh danışıqları üçün böyük əngəl yaradacağını vurğulayır. Trampın bu yanaşması, ABŞ və Qərb dünyasının Ukraynadakı vəziyyətə dair müzakirələrini yeni bir müstəviyə gətirir. Sülhə gedən yolda danışıqların aparılması və yeni liderlərin ortaya çıxması ehtimalı münaqişənin gələcəyini daha da qeyri-müəyyən edir.
Ukraynalı politoloq Aleksandr Oxrimenko "Cebheinfo.az"-a açıqlamasında Trampın Ukrayna ilə bağlı səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Zelenskinin reytinqinin 4% olduğu tamamilə uydurmadır:
“Hazırda Zelenskinin xalq tərəfindən dəstəyi 57%-dir və o, Ukraynada ən çox etimad qazanan siyasi liderdir. Seçkilərlə bağlı Trampın səsləndirdiyi fikirlərə gəlincə, o, yaxşı bilir ki, müharibə dövründə heç bir ölkədə seçkilər keçirilmir. Bu, tarix boyu heç vaxt baş verməyib. Amma Tramp bilərəkdən bu mövzunu gündəmə gətirir və bununla da Kremlin maraqlarına uyğun mövqe sərgiləyir.
Məlumata görə, Kreml artıq bir plan hazırlayıb. Bu plana əsasən, Rusiya atəşkəs sazişi təklif edir və bundan sonra Ukraynada seçkilərin keçirilməsini istəyir. Ancaq Kremlin əsas şərti seçkilərə prorusiya qüvvələrinin və namizədlərinin buraxılmasıdır. Söhbət hazırda sanksiyalar altında olan siyasi partiya və şəxslərdən – "Müxalifət Platforması – Həyat Uğrunda" (ОПЗЖ), Regionlar Partiyası və Viktor Medvedçukdan gedir. Kreml hesab edir ki, əgər onların seçkilərdə iştirakına icazə verilərsə, Ukraynada rusiyayönümlü bir namizədin qalib gəlmə ehtimalı yüksəkdir”.
Ekspert maraqlı məqama da toxunub:
“Yevgeni Murayev son dövrlər siyasi səhnəyə qayıtmaq istəyir. O, bir vaxtlar Regionlar Partiyasının üzvü olub, sonradan mübahisə edərək ayrılıb və öz partiyasını yaradıb. Müharibə başlayanda isə ölkədən çıxıb. Son zamanlar verdiyi geniş müsahibələrdən görmək olur ki, o, yenidən Ukraynanın siyasi meydanına qayıtmaq niyyətindədir. Ola bilər ki, Kreml Murayevi Zelenskinin alternativi kimi nəzərdən keçirir".
Ekspert qeyd edib ki, məsələnin daha mühüm tərəfi Səudiyyə Ərəbistanında baş tutan danışıqlardır:
“Görünür ki, bu görüşlər zamanı Rusiya nümayəndələri Ukraynada seçki məsələsini qaldırıblar və Tramp da bu ideyanı dəstəkləyib. İndi əsas sual budur ki, Ukrayna hakimiyyəti bu təzyiqə boyun əyəcəkmi? Zelenskinin bu məsələyə rəsmi reaksiyası hələ yoxdur, amma o, daha əvvəl bu tipli təklifləri tənqid edib. Bu gün isə Trampın xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə gəlib və Zelenski ilə görüşəcək.
Görüşün nəticələrinə əsasən, Trampın mövqeyi də formalaşacaq. Teorik olaraq, atəşkəs əldə olunarsa və döyüşlər dayandırılarsa, Ukraynada seçkilər mümkündür. Amma proses texniki cəhətdən asan deyil. Atəşkəs müqaviləsi imzalansa belə, seçkilərin təşkili üçün ən azı 180 gün – yəni altı ay vaxt lazımdır. Yəni bu proses qısa müddətdə baş verə bilməz. Tramp müharibənin tezliklə bitməsini istəyir, amma görünən odur ki, vəziyyət onun düşündüyü qədər sadə deyil. Buna görə də o, əsəbiləşir və Ukraynanı güzəştə getmək istəməməkdə ittiham edir. Ukrayna, doğrudan da, güzəştə getmək fikrində deyil”.
Ekspert vurğulayıb ki, Zelenski dəfələrlə Ukraynanın ərazi bütövlüyünə zidd olan heç bir sənədə imza atmayacağını bəyan edib:
"Bu da Kreml üçün ən böyük problemlərdən biridir, çünki Rusiya elə bir Ukrayna liderinin hakimiyyətdə olmasını istəyir ki, ərazi güzəştlərinə razı olsun. Amma Zelenski buna qəti şəkildə qarşıdır və siyasi mübarizə davam edir. Gələcəkdə nə baş verəcəyini hələ heç kim bilmir. Şübhəsiz ki, Ukraynanın ABŞ-nin dəstəyi olmadan müharibəni davam etdirməsi çətindir, amma bu, imkansız da deyil.
Avropa İttifaqı və digər Avropa ölkələri artıq Ukraynaya daha çox dəstək vermək öhdəliyi götürüb. Hazırda Parisdə müxtəlif müzakirələr gedir və gözləntilər var ki, Ukraynaya həm maliyyə, həm də hərbi dəstək ayrılacaq.
Əgər bu baş verərsə, Ukrayna müharibəni ABŞ-nin birbaşa iştirakı olmadan da davam etdirə bilər. Amma bütün bunlara baxmayaraq, hazırda Ukraynanın Prezidenti Volodimir Zelenski ölkə daxilində ən yüksək dəstəyə sahib siyasətçidir. Bunu həm Tramp, həm də Putin çox yaxşı bilir.
Amma burada artıq fərdi siyasi ambisiyalar da işə qarışır”.