RU

Daha bir texnologiya nəhəngi insanabənzər robot yarışına qoşulur

"Meta" insanabənzər robotlar üzərində işləyəcək yeni bir komanda quraraq robot texnologiyası sahəsində rəqabətə qatıldığını elan edib. 

Valyuta.az xəbər verir ki, şirkət "Reality Labs" bölməsində futuristik robotlar inkişaf etdirməyi planlaşdırır və bu sahədə güclü rəqiblərlə yarışmağa hazırlaşır.

Böyük sərmayə və yeni lider

"Bloomberg"in məlumatına görə, "Meta" insanabənzər robot texnologiyasına böyük bir sərmayə yatıraraq bu sahədə iddialı olmağı planlaşdırır. Şirkət bu istiqamətdə fəaliyyət göstərəcək yeni bir komandaya rəhbərlik etmək üçün "Amazon", "Sonos" və "Microsoft" kimi texnologiya nəhənglərində yüksək vəzifələrdə çalışmış və "Xbox" komandasında qurucu mühəndislərdən biri olan, eyni zamanda "Cruise"un keçmiş baş direktoru Mark Vitteni seçib.

İnsanabənzər robot yaratmağın çətinlikləri

İnsan bədəni son dərəcə mürəkkəb bir quruluşa malikdir, buna görə də insansı bir robot yaratmaq texniki cəhətdən olduqca çətindir. Bu cür robotların insan hərəkətlərini təqlid edə bilməsi üçün kompleks mexaniki quruluş və süni intellektlə işləyən idarəetmə sistemləri lazımdır. 

Bundan əlavə, insanabənzər robotlar bilişsel antropomorfizm adlanan fenomenə səbəb ola bilər ki, bu da insanların robotlara həddindən artıq emosional və insana bənzər xüsusiyyətlər aid etməsinə gətirib çıxara bilər. Bu vəziyyət etik problemlər və qeyri-real gözləntilər yarada bilər. "Meta"nın robot texnologiyasında üzləşəcəyi çətinliklərdən biri də məhz budur.

"Meta"nın tərəfdaşları və rəqibləri

"Meta" hazırda "Unitree Robotics" və "Figure AI" Inc kimi şirkətlərlə əməkdaşlıq danışıqları aparır. "Figure AI" Inc ötən il "Microsoft" və "OpenAI" tərəfindən 500 milyon dollarlıq sərmayə alıb.

Lakin insanabənzər robot texnologiyası sahəsində "Meta" güclü rəqiblərlə qarşılaşacaq. Bu sahədə fəaliyyət göstərən aparıcı şirkətlər arasında "Tesla" və "Optimus" robotu, "Boston Dynamics" və "Atlas" robotu, "Samsung" və hətta "Apple" yer alır.

"Meta"nın hardware (avadanlıq) sahəsində böyük təcrübəsi olmasa da, şirkət rəhbərliyi süni intellekt və geniş məlumat bazasına sahib olmasının böyük üstünlük yaradacağını düşünür. Bu sərmayə "Meta"nın gələcək texnoloji inkişaflarında mühüm rol oynaya bilər.

Paşa Məmmədli

Избранный
22
valyuta.az

1Источники