Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bəhreyn Krallığının Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh ilə görüşüb.
Operativ Media Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatlara istinadən xəbər verir ki, görüşdə Azərbaycan paytaxtında 15-ci plenar iclasın uğurla təşkil olunduğu qeyd edilərək APA çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan və Bəhreyn arasında münasibətlərin inkişafından da razılıq ifadə edilərək xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərə müsbət töhfə verdiyi və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdikləri bildirilib.