RU

Sürücülərə XƏBƏRDARLIQ: Bu şəxslər hərəkətə mane olurlar

Ötən gündən başlayan qarlı-küləkli hava şəraiti paytaxtın və respublikanın avtomobil yollarında gərgin vəziyyət yaradıb. Bir çox ərazilərdə yollar buz bağlayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə mövcud hava şəraiti ilə əlaqədar olaraq Agentlik gücləndirilmiş iş rejimində çalışır:
 

“Artıq ötən gündən Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplanıb.


Qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə tədbirlər görülür”. 

O da qeyd olunub ki, hazırda Bakı-Şamaxı-İsmayıllı, Lənkəran-Lerik, Masallı-Yardımlı, Zəfər yolunda və digər dağlıq ərazilərdə yollar qar və buzla bağlanıb. Bakı-Hacıqabul-Qazax yolunda isə hərəkət intensivliyi var.

Agentlik hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib:

“Şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkəti arzuolunan deyil. Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər.

Bu üzdən sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur.

Vətəndaşlar avtomobil yollarında yarana biləcək hər-hansı problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
18
1
bizim.media

10Источники