Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün fevral ayı üzrə növbəti səyyar qəbul keçirilib.
"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayon bələdiyyəsinin akt zalında baş tutub.
Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər. Daha sonra Yasamal rayonunun sakinləri qış mövsümündə mənzillərin istiliklə təchizatı, küçələrin işıqlandırılması, mənzillərin təbii qaz ilə təminatı, gurumuş və təhlükə yaradan ağacların budanması, bina həyətlərinin abadlaşdırılması və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırıblar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verib.
İcra başçısı qış mövsümündə kommunal xidmətlərin fəaliyyətinə xüsusi diqqət ayırıb. Mənzillərin və ayrı-ayrı qurum və idarələrin istilik və təbii qazla təminatında yaranmış vəziyyət təhlil edilib, çatışmamazlıq və qüsurların aradan qaldırılmasına dair tapşırıq və tövsiyyələr verilib. Qəbuldan sonra RİH başçısı bəzi sakinlərin fərdi müracətlərini də dinlədi. Bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.