Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində xidmət etdiyi küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarında qarın təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün kifayət qədər maşın-mexanizm, texnika çıxarıb.
Agentlikdən Korrespondent.az-a bildirilib ki, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə gecə və səhər saatlarında buzlaşma olan yollara qum-duz qarışığı səpilib.
“Gecə boyu və səhər saatlarında Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmayıb. Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür”, - deyə agentliyin yaydığı məlumatda bildirilir.
Bundan başqa, ötən gecə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi və agentliyin rəhbər şəxslərinin iştirakı ilə yollarda qarın təmizlənməsi və buzlaşmanın qarşısını almaq istiqamətində görülən və görüləcək işlərlə əlaqədar olaraq təcili müşavirə keçirilib. Müşavirədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması istiqamətində problem müşahidə olunan ərazilərə kifayət qədər maşın-mexanizm və texnika cəlb edilməklə qısa müddətdə yaranmış çətinliyin aradan qaldırılması üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.