RU

İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır?

Ermənistanın Baş naziri Nikol Paşinyan həmvətənlərinə "ideoloji mesaj"la müraciət edərək, konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bəyan edib: “Yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi zəruridir”,-deyə Nikol Paşinyan xalqa müraciətində bildirib. 

Referendum nə vaxt keçiriləcək? 

Lakin o, referendumun keçiriləcəyi vaxtı açıqlamayıb.

Baş nazir referendum keçirilməsinin vacibliyini belə əsaslandırıb: 

“Vətəndaşlar arasında Ermənistan Respublikasının Konstitusiyasının məhz onların özü tərəfindən qəbul edildiyi və ona səs verdikləri hissi yoxdur. Sizə məlum olan siyasi səbəblərə görə bu qavrayış formalaşmayıb. Biz əsrlər boyu başqaları tərəfindən yaradılmış dövlətlərdə və kənardan təlqin edilən hüquq sistemində yaşamışıq, buna görə də bu çoxəsrlik düşüncə tərzi hələ də qalmaqdadır. Hüquq qaydalarını 130 və ya 200 il əvvəl bizə yad hüquq normaları təlqin edildiyi kimi qəbul edirik.

Ən vacib məqam məhz budur: biz qanunu hələ də 130 və ya 200 il əvvəl yad dövlətlərdə bizə diktə olunan hüquqi münasibətlər kimi qavrayırıq.

Yeni konstitusiyanın qəbulu mühüm əhəmiyyət kəsb edir. Çünki mövcud konstitusiyanın qəbulu ilə bağlı keçirilmiş bütün referendumlar cəmiyyətin gözündə ciddi qeyri-legitimliyə malikdir.

Yeni konstitusiyanın qəbulunun strateji məqsədi dövlətçiliyi olmayan bir millətin qalıq funksionallığından dövlət yönümlü bir xalqın funksionallığına keçidi təmin etməkdir”.

Nikol Paşinyan indiyə qədər keçirilmiş referendumları qeyri-legitim elan etməklə faktiki olaraq, Ermənistanın 1995-ci və 2016-cı illərdə qəbul edilmiş konstitusiyalarının hüquqa zidd olduğunu bildirib. Əks təqdirdə, Baş nazirin yeni konstitusiya qəbul etmək təşəbbüsü Ermənistanın revanşist müxalifəti tərəfindən Azərbaycanın və Türkiyənin diqtəsi kimi təqdim edilə bilərdi. Halbuki, bu diqtə deyil, tələbdir. Çünki Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. 

Bu, ilk növbədə ali hüquqi sənədin preambula hissəsində yer alıb. 

Preambulada Ermənistan Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair Ermənistan SSR Ali Sovetinin 1989-cu il 1 dekabr tarixli qərarına istinad edilir. Eyni zamanda, Müstəqillik Bəyannaməsinin 11-ci bəndində qeyd edilir ki, Ermənistan 1915-ci ildə Osmanlı İmperiyasında qondarma erməni soqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir. 

Həmçinin 11-ci bənddə “Qərbi Ermənistan” ifadəsi yer alır ki, bu da Türkiyənin 6 şərq vilayətinə ərazi iddiasını nəzərdə tutur. Bundan başqa, konstitusiyanın 21-ci maddəsində Ermənistanın dövlət gerbində Ağrı dağının təsvir olunduğu qeyd edilir. 

Bu da Türkiyəyə qarşı növbəti ərazi iddiasıdır. Ona görə də həm Azərbaycan, həm də Türkiyə sülhün bərqərar olması və münasibətlərin normallaşması üçün Ermənistandan ilk növbədə konstitusiyanı dəyişməyi tələb edir. Çox güman ki, yaxın günlərdə Nikol Paşinyan referendum keçirilməsi haqqında qərarı Ermənistan Milli Məclisinə təqdim edəcək. 

Çünki digər mütəxəssislərin də iştirakı ilə Ermənistan Ədliyyə Nazirliyinin konstitusiyanın yeni mətni üzərində xeyli müddətdir işlədiyi barədə məlumatlar var. Yəni konstitusiya layihəsi demək olar ki, hazırdır. 

Parlamentdə səs çoxluğu Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” fraksiyasına məxsus olduğundan hökumətin qərarının tezliklə təsdiqlənəcəyi gözlənilir. Konstitusiyanın 206-cı maddəsinə görə, parlamentin qərarından sonra üç gün ərzində Ermənistan prezidenti ümumxalq səsverməsinin keçirilməsinə dair fərman imzalayır. Prezident fərmanından ötən ən azı 50 gün ərzində və ya 65 gündən gec olmayaraq, Ermənistanda referendum keçirilməlidir. Bu isə o deməkdir ki, Nikol Paşinyan hökuməti konstitusiya layihəsini martın əvvəlinə qədər qanunverici orqana təsdiq etsə, aprelin sonu, mayın əvvəlində Ermənistanda ümumxalq səsverməsi keçirilə bilər. 

Paşinyan konstitusiyanı niyə dəyişir? 

Ermənistan konstitusiyasına əlavə və dəyişikliklərin ediləcəyi ilə bağlı müzakirələr son vaxtlar yenidən aktuallaşmışdı. Bu, yalnız Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının ləğvi ilə yekunlaşmır. Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı qanun qəbul edib. 

Lakin avrointeqrasiya kursu ölkə konstitusiyasında da öz əksini tapmalıdır.

Ona görə də referendumun keçirilməsi gözlənilən idi. Paşinyan isə ali qanuna yalnız əlavə və düzəlişlər təklif etmir. Baş nazir, ümumiyyətlə, konstitusiyanın mətninin tamamilə yenidən yazılmasının tərəfdarıdır. Bu isə Ermənistanın perspektivdə xarici siyasəti ilə bağlı kifayət qədər yeni sualların meydana çıxmasına səbəb olub. 

Əgər Avropa İttifaqına üzvlük qərarı konstitusiyaya daxil edilərsə, o zaman Ermənistanın Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyində qalması mümkünsüz ola bilər. Belə olan halda, Avropa İttifaqı Ermənistanı nəinki öz sıralarına qəbul etməyəcək, həmçinin Rusiyanın liderliyi ilə yaradılmış qurumlara üzvlük məsələsi ölkə konstitusiyasına zidd hesab olunacaq. 

Ona görə də Ermənistan iki variantdan birini seçməlidir. Ancaq Rusiya-Ukrayna müharibəsinin Moskvanın xeyrinə başa çatması ilə bağlı gözləntilərin artdığı bir vaxtda Ermənistanın AİB, KTMT və MDB kimi təşkilatlardan çıxıb Qərbə yaxınlaşması Nikol Paşinyan hakimiyyəti üçün ciddi problemlər yarada bilər. Buna baxmayaraq, Paşinyan Qərbyönümlü kursdan imtina etməyə tələsmir.

Əgər ABŞ ilə razılaşma fonunda Rusiya Ukraynadakı müharibədə qələbəyə və ya atəşkəsə nail olsa, bu, Moskvanın postsovet məkanında zəifləmiş geosiyasi təsirinin yenidən güclənməsi ilə nəticələnəcək. O zaman Rusiyanın ilk hədəflərindən biri Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olacaq. Bu baxımdan, Paşinyanın təcili referenduma getməsi öz hakimiyyətini qorumaq üçün Ermənistanı blokada şəraitindən çıxartmaq və geosiyasi manevr imkanlarını genişləndirmək məqsədi daşıyır. 

Yəni Paşinyan konstitusiyanın mətnindən preambula hissəsini çıxartmaq, dövlət gerbini dəyişmək və Zəngəzur dəhlizinin, yaxud başqa formada nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına şərait yaratmaqla Rusiyanın hücumundan yayınmaq imkanları qazanmağa çalışacaq. Paşinyan onu da anlayır ki, Türkiyə ilə sərhədlər açılmadan Ermənistanın Qərbə inteqrasiyası mümkün deyil. Ona görə də həm Avropaya yeni pəncərə açmaq, həm də Rusiyanın iqtisadi asılılığından xilas olmaq üçün referenduma gedə bilər. 

Çünki Rusiyadan fərqli olaraq, Azərbaycan və Türkiyə Paşinyanın hakimiyyətinə təhlükə yaratmır və onun Baş nazir olmasını Ermənistanın daxili işi hesab edir. 

Bakı və Ankara Ermənistandan yalnız ərazi iddialarından geri çəkilməyi, sülh müqaviləsi imzalamağı və kommunikasiyaların açılmasını tələb edir. Əgər Paşinyan yeni konstitusiyanın mətnində Azərbaycanın və Türkiyənin şərtlərinə əməl edərsə, o zaman qısa müddətdə çərçivə sülh sazişinin imzalanması, nəqliyyat-kommunikasiya əlaqələrinin blokdan açılması üçün əlverişli şərait yaranacaq. Əks təqdirdə, Ermənistanın yeni konstitusiyasında preambula hissəsi saxlanılsa, bu, Paşinyanın növbəti siyasi manipulyasiyası kimi dəyərləndirilə bilər. Yəni Azərbaycanla hər hansı sülhdən və Türkiyə ilə münasibətlərin normallaşmasından danışmağa dəyməz. 

Çox güman ki, Ermənistanın Baş naziri Rusiya-Ukrayna müharibəsinin ilkin nəticəsini gözləyərək ona uyğun hərəkət etməyə çalışacaq. Tramp administrasiyası Ermənistana siyasi dəstəyini geri çəkməyə başlayıb, Ukrayna müharibəsindən sonra Qara dəniz və Cənubi Qafqaz regionunun təhlükəsizliyinin təmin edilməsi Avropa İttifaqının prioritetləri sırasından çıxmaqdadır. Belə olan halda, hətta Avropa İttifaqının öz müşahidə missiyasını Ermənistandan vaxtından əvvəl geri çağırması da istisna edilmir.

Vəziyyətin kardinal şəkildə dəyişməsi Paşinyanı yeni şəraitə uyğun davranmağa vadar edə bilər. Paşinyan böyük ehtimalla Tramp-Putin danışıqlarının nəticəsini gözləyəcək və Rusiyanın bundan sonrakı siyasətinə uyğun hərəkət etməyə çalışacaq. Hazırda isə Paşinyanın açıqlaması daha çox vaxt qazanmağa hesablanıb. 

Ermənistan “Qarabağ strategiyası”ndan imtina edir

Nikol Paşinyan Ermənistan həm də Milli Təhlükəsizlik Strategiyasının dəyişdirilməsinə də hazırlaşır. Baş nazir Milli Təhlükəsizlik Strategiyasını nəzərdən keçirəcək komissiyanın yaradılması barədə fərman imzalayıb. Bununla bağlı idarələrarası struktura Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək.

Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Strategiyası Azərbaycanla sülh müqaviləsinin imzalanmasında əsas maneələrdən biridir. Ermənistanın konstitusiyadan əlavə, bir sıra hüquqi-normativ aktlarına, o cümlədən Milli Təhlükəsizlik Strategiyasında Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini təhdid edən maddələrə xitam verilməlidir. Yalnız bundan sonra iki ölkə arasında sülh sazişinin mümkünlüyündən danışmaq olar. 2020-ci ildə Nikol Paşinyanın təşəbbüsü ilə Milli Təhlükəsizlik Strategiyasının mətninə əlavə və dəyişikliklər edilsə də, doktrinanın ümumi məzmunu Azərbaycana qarşı ərazi iddiaları, müharibə çağırışları və Qarabağda separatçılığa dəstəyi ifadə edən maddələrdən ibarətdir. 

Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının 3-cü hissəsi “Dağlıq Qarabağ Respublikası” adlanır. Orada qeyd edilir: “Hər hansı yekun razılaşmanın və ya yekun sənədin Qarabağ tərəfinin də razılığını alması prinsipindən daim çıxış edərək Ermənistan yalnız “Dağlıq Qarabağ Respublikası”nın faktiki mövcudluğunun dönməz reallığını möhkəmləndirməyə yönələcək həll variantlarını məqbul hesab edir. “Dağlıq Qarabağ”ın Ermənistanla ərazi əlaqələri olmalıdır. Onun təhlükəsizliyinə zəmanət verilməlidir”.

Göründüyü kimi, adıçəkilən sənədin məzmunu Azərbaycanın milli təhlükəsizliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlib. Ona görə də Ermənistan Konstitusiyasının mətninin yenilənməsi ilə kifayətlənmək olmaz. Ermənistan hakimiyyəti ölkənin Milli Təhlükəsizlik Strategiyasını və Hərbi Doktrinasını tamamilə yenidən yazmalıdır. 

Böyük ehtimalla, yeni Milli Təhlükəsizlik Strategiyasında Azərbaycana ərazi iddiaları ilə bağlı ifadələr yer almayacaq və 3-cü bənd sənəddən çıxarılacaq. Çünki rəsmi Bakı Ermənistandan Azərbaycana qarşı ərazi iddialarının konstitusiya ilə yanaşı, digər hüquqi-normativ aktlardan da çıxarılmasını tələb edir. 

Ötən il Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının yeni mətnini hazırlamaq barədə göstəriş verdiyini demişdi. Lakin Baş nazir bu məsələ ilə bağlı Rusiya-Ukrayna müharibəsinin nəticələrini, yəni sənədin mətninin yeni geosiyasi şəraitə uyğun yazılacağına işarə etmişdi. Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalıb-qalmamağa da məhz bundan sonra qərar verəcəkdi. Lakin Trampın qəfil prezident seçilməsi və Ukrayna məsələsində Rusiyaya güzəştə getməsi Ermənistanı çətin vəziyyətə salıb. 

Избранный
13
cebheinfo.az

1Источники