“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Bu oyun haqda danışmaq çətindir. Şərait özü oyunun tempini öldürür, səhvlərə məcbur edirdi. Yaxşılığa getdiyimiz durumda bizim üçün əlverişli deyildi. Meydança yaşıldır, qardan təmizlənib. Amma sürüşkən idi, top saxlayanda vaxt sərf edirsən, qərarlar verəndə gecikmə olur. Bunlar anlaşılandır. Komandamdan razıyam. Futbolçular səbrli oldular. Sona qədər inam var idi.
Qələbələr komandada əhval-ruhiyyəni düzəldir, futbolçuların daha yaxşı hazırlaşmağına kömək olur. İndi ab-hava həddindən artıq yaxşıdır deyərdim, amma turnir cədvəlindəki durum bunu deməyə imkan vermir. Daha da yaxşı olmasına çalışırıq. Həftəiçi komandanın içində mənəm və əhval-ruhiyyə yaxşıdır, uşaqlar bir-birinə bağlanıblar. Hər bir futbolçumuza inanırıq. Allah qoysa, mövsümün sonuna qədər hərəsi bir oyun xeyir versə, irəli getməyimizə kömək olacaq”.
Samir Abasov Ramil Şeydayevin rəqabətdə uduzmasına dair sualı da cavabı cavablandırıb:
“Bu gün heç bir futbolçumuzun problemi yoxdur. Ramildə heç bir problem görmürəm. “Sabah”la matçda başqa heyətlə oynadıq. Adlara gəlsək, heç kimdə problem yoxdur. Çalışırıq ki, hər bir futbolçunu növbəti matça yaxşı hazırlayaq”.
“Kimlərsə cəzasını alacaq” – Vaqif Cavadov
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram. Oyundan çox danışmaq istəmirəm. Gedişatı özünüz də gördünüz. İnanıram ki, düzgün və ədalətli məqalələr yazılacaq. Təhlil etsəniz, daha yaxşı olar. Həm hakimlərlə, həm oyunla bağlı… Başqa söz deməyə ehtiyac yoxdur.
Öz gördüklərim? İndi açıqlasam, ya cəza alacağam, ya da intriqaya səbəb olacağam. Sizin ədalətli yazılarınızı oxuyuruq. Düzgün analiz edib, oyunumuzla bağlı təhlil edə bilərsiniz. Oyundan razıyam və komandama təşəkkür edirəm. Belə oyunla ancaq irəli… Növbəti matça hazırlaşacağıq. Hər şey yaxşı olacaq. Qol epizodları “Sumqayıt”da daha çox oldu. Yararlana bilmədik. Daha çox çalışacağıq. 80-ci dəqiqəyə qədər olan epizodlar “Sumqayıt”ın xeyrinə idi.
Son 10 dəqiqəyə nəzər yetirin. Meydanda hansı qərarlar verildi. Özünüz də görəcəksiniz ki, bizim penalti 100 faiz idi, vermədilər. Hakimlər haqda danışmaq istəmirəm. Uduzmuşuq. Sizdən xahiş edirəm, təhlil edin, qiymət verin. Bəlkə də kimlərsə cəzasını alacaq”.