Bu ilin yanvar ayında Azərbaycandan Portuqaliyaya 109,1 milyon ABŞ dolları dəyərində 216 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,2 milyon ABŞ dolları və ya 24,1%, həcm ifadəsində isə 77,3 min ton və ya 55,7% çoxdur.
Dövr ərzində Portuqaliya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, sözügedən dövr ərzində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları Azərbaycandan ən çox İtaliyaya ixrac edilib. Belə ki, bu ilin yanvar ayında İtaliya Azərbaycandan 932,7 milyon ABŞ dolları dəyərində 1,7 milyon ton neft idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 822,2 milyon ABŞ dolları və ya 8,4 dəfə, həcm baxımından isə 1,5 milyon ton və ya 9,4 dəfə çoxdur.