RU

“Böyük manipulyator”

Mark ENDEVELD
(əvvəli ötən saylarımızda)

“Gənclər Makron ilə” (JAM) qrupu milyonçu Henri Hermand tərəfindən də dəstəklənir. O, 2016-cı ilin yayında, sevimli namizədi Makrona xəbər göndərir ki, “Mən “Gənclər Makron ilə” qrupunun üzvləri ilə işləyirəm. Onlar, doğrudan da, çox böyük işlər görürlər. Mən də öz tərəfimdən mümkün qədər onlara kömək edirəm və ümidvaram ki, sənin yaxın çevrəndəki adamlar bu cavanlara ilişməyəcəklər...”. Bu sözlərlə Hermand, əlbəttə ki, Emelieni və Planş bandasının uşaqlarını nəzərdə tutur. 2016-cı ilin baharından başlayaraq Pier Person bu multi-milyonçu ilə bir neçə dəfə görüşür. Bu görüşlərin birinə hazırlıq qeydində hiss olunur ki, “Gənclər Makron ilə” (JAM) bandası ilə İsmaël Emelienin şəbəkəsi arasında problem var: “İsmael Emelien bizə yaxşı gözlə baxmır... xüsusən də bizim Emmanuel Makrona olan müsbət təsirimizi, eləcə də onun bizim gördüyümüz işlərə dəyər verməsini qısqanır...”. Onlar (Gənclər Makron ilə) təəssüflə şikayətlənirlər ki: “Hərəkətdə! hərəkatının ofisində həddindən artıq kommunukant var, özü də onların çoxu özlərindənrazı və təcrübəsiz adamlardır. Belə olmaz. Peşəkarlığın və təcrübənin olmaması o dəqiqə hiss olunur. Emmanuelin gücü siyasi reallığa təsir etməkdir, amma onun komandasında bunun tam əksini görürük...”.

Planş “klanının” üzvləri bunu yaddan çıxarmayacaqlar və 2018- ci ilin payızında "Hərəkətdə!" hərəkatının rəhbərlik kampaniyası zamanı onlar qisas alacaqlar. "Hərəkətdə!" hərəkatı LREM partiyasına çevriləndən sonra bu partiyanın baş katibliyinə namizədliyini irəli sürən Parisli gənc deputat Pier Personun həyatını cəhənnəmə döndərəcəklər. Ona olmazın təzyiq göstərəcəklər ki, namizədliyini geri götürsün... onu dəstəkləyənlərə belə zəng vurub hədə-qorxu gələcəklər. Sedrik O, eləcə də Yelisey sarayının mətbuat xidmətinin katibi Benjamin Qrivo belə fikirləşirlər ki, LREM partiyasına lider olmağa ən yaxşı namizəd onların dostu və tələbə yoldaşları Stanislas Qerinidir. Prezident aparatının xüsusi məsləhətçi İsmael Emelien də onların fikrini dəstəkləyir. LREM partiyasına onun bandasının keçmiş bir üzvünün liderlik etməsi, əlbəttə ki, onun ürəyincədir.

Hermandın vəsiyyəti

2016-cı ilin may ayında Henri Hermand axırıncı dəfə köhnə dostu, keçmiş Baş nazir Mişel Rokardla şam yeməyi yeyir. (Mişel Rokard bir neçə həftədən sonra vəfat edəcək). 92 yaşlı bu qoca kişi, təcrübəli siyasətçi, dostu Makronun onu kənara atıb otuz yaşlı cavan oğlanların məsləhətləri ilə oturub-durmağından bərk narahatdır. Bu məqsədlə o, dostunu sual atəşinə tutur. Qoca siyasətçi sadəcə olaraq başa düşmək istəyir ki, bu otuz yaşlı cavanlardan ibarət bandanın profili necədir: onlar “müşavirlərdir”, yoxsa “muzdlu” əsgərlər. Təbii ki, bu sualları verəndə, o, başlıca olaraq Lüdovik Şakeri nəzərdə tutur, çünki bu adam "Hərəkətdə!" hərəkatının baş katibi İsmael Emelienə çox yaxındır.

Henri Hermand ona cavab versə də, fikri tamamilə başqa yerdədir. Onun əsas məqsədi odur ki, Emmanuel Makron nə qədər gec deyil iqtisadiyyat naziri vəzifəsindən istefa verib prezidentliyə namizədliyini irəli sürsün. Henri Hermand 2016-cı il noyabr ayının əvvəlində, Makronun prezident seçkilərindəki qələbəsini görmədən dünyasını dəyişir. Ölümündən bir neçə gün əvvəl, aylardan bəri onunla qətiyyən maraqlanmayan Makron, nəhayət, xəstəxanaya ona baş çəkməyə gəlir. Ancaq Makronun ətrafındakı müşavirlərlərin, xüsusilə də İsmael Emelienin Hermandı görməyə gözü yoxdur. Qoca milyonçunun mətbuatda özünü Makronun məsləhətçisi kimi qələmə verməyi onların xoşuna gəlmir. 2016-cı ilin yanvarında “Les Échos” qəzeti onun haqqında bir məqalə çap edir. Başlığı “Henri Hermand – Makronu prezident etmək istəyən adam” olan bu məqalə gələcək prezidentin ətrafında dolanan adamların xoşlarına gəlmir. Onlar hər vasitə ilə Makronu milyonçudan uzaqlaşdırmağa çalışırlar. Makron da onların sözü ilə qoca dostundan aralanır. Gənc dostunun ona qarşı birdən-birə belə soyuqlaşması təbii ki, milyonçunun xətrinə dəyir. İş o yerə çatır ki, dostunun bu hərəkətindən qəlbi qırılan Hermand, həmin ilin sentyabr ayında “Le Figaro” qəzetinə verdiyi müsahibəsində onu kəskin tənqid edir: “Makrona bir az diqqətli və bir az da ciddi olmaq lazımdır. “Paris Match” jurnalına verdiyi müsahibə, eləcə də jurnalın üz qabığındakı şəkli artıq şeydir. Bu çox səhv bir addım idi. Mən bunu onun özünə də dedim. O jurnal ciddi bir jurnal deyil, səviyyəsiz adamların oxuduğu sarı mətbuatdır. Püy dü Fu şəhərinə səfəri də tamamilə artıq bir şey idi. Makrona o şəhərdə Filip dö Viliye ilə görüşüb şəkil çəkdirmək lazım deyildi. Bu adamın hamı ilə görüşmək, hamının əlini sıxmaq arzusu təəssüf doğurur. O, havayı yerə vaxt itirir... onun bu hərəkətləri gülüncdür...”.

Prezident kampaniyası Makronun ətrafındakı müxtəlif dairələrdə də öz təsirini göstərir. Bu adam dövlət başçısı seçiləndən bir neçə ay sonra Yelisey sarayının texnokratları ilə müşavirləri arasındakı ittifaq, makronçular tərəfindən tənqid hədəfinə çevrilir. Nazirlər, deputatlar, eləcə də prezidentin köhnə dostları İsmael Emelien ilə Aleksi Kohlerin özlərini aparmaqlarından, onlarla rəftarından çox şikayətlənirlər, ancaq hələ ki daldada. Aylar keçir və onların hərəkətlərindən cana gələn makronçular pessimizmə qapılırlar. Gələcək onlara qaranlıq görünür və hər biri özünə bu sualı verir: Amerikada “Havas” şirkəti tərəfi ndən təşkil olunan Biznes Frans görüşləri zamanı xərclənən pullarla bağlı qaldırılan məhkəmə işinə görə prezidentin bu iki favoriti Yelisey sarayını tərk edəcəkmi? Onlar cinayət məsuliyyətinə cəlb olunacaqmı?

2018-ci ilin əvvəlində hələ heç kim Emmanuel Makronun bu iki ən sadiq və ən yaxın xidmətçilərinə açıq şəkildə irad tutmağa cəsarət etmir. Bu iki adam – özlərini “mormonlar” adlandıran İsmael Emelien ilə Aleksi Kohler – dövlət başçısına müqəddəs adam kimi səcdə edir və onun üçün hər şeyi etməyə hazır olduqlarını bildirirlər. 2017-ci ilin iyul ayında prezidentin mətbuat müşaviri Sibet Ndiay L’Express jurnalına 189 verdiyi müsahibədə açıq şəkildə deyir ki: “Mən tamamilə səmimi etiraf edirəm ki, prezidenti qorumaq üçün yalan da danışıram”. Liderləri kimi bu gənc məsləhətçilər də səhərdən axşama kimi yorulmadan işləyirlər... və çox nadir hallarda Yelisey sarayının idman zalında bir balaca istirahət edirlər. Onların hamısına sanki adrenalin iynəsi vurulub. Birjadakı trayderlər kimi yorulmaq bilmədən bütün günü ora-bura qaçırlar.

“Müşketyorlar” və “Kardinalın mühafizəçiləri”

2018-ci ilin yazında Yelisey sarayının sistemində bir çox zəiflik əlamətləri gözə çarpır. Prezident aparatında atmosfer o qədər korlanır ki, nəfəs almaq belə çətinləşir. Paranoya ən yüksək nöqtəsinə çatır. Taxt-tacın ətrafında biri-birinə düşmən kəsilən iki qrup formalaşır. Bir tərəfdən Brijit Makronun ətrafındakı məsləhətçilər, o cümlədən birinci xanımın kabinet direktoru Pier-Oliviye Kosta, onun kabinet şefi Tristan Bromet və mətbuat müşaviri Brüno Roje-Peti; digər tərəfdən prezidentin mətbuat müşaviri Sibet Ndiay, prezidentin çıxışlarının məsləhətçisi və cavabdehi Silvan Fort, eləcə də İsmael Emelien və onun Planş bandasındakı yoldaşları: prezidentin müşavirləri Sedric O. və Emmanuel Miqel, bir də Yelisey sarayının baş katibi Aleksi Kohler. Bir tərəfdən birinci xanım Brijit Makron, digər tərəfdən onun zəhləsi getdiyi “klan”, “sekta”. Birincilər, məktəb uşaqları kimi özlərini “müşketyorlar” adlandırırlar, rəqiblərinə isə istehza ilə “kardinalın mühafizəçiləri” deyirlər. Yelisey sarayının ürəyində yerləşən bu iki klanın düşmənçiliyi bir gün özünü daha qabarıq göstərir: dövlət başçısı tərəfindən təşkil olunmuş Versal Konqresində Kohler ilə Emelien prezidentin çıxışının surətini, protokola görə kabinetin ikinci adamı sayılan Patrik Strzodaya göndərmirlər. (!)

Makron bu iki qrupun bir-biri ilə düşmənçiliyindən qəti narahat olmur, onların bir-birini tənqid etmələrini qulaqardına vurur. Müdrik bir padşah kimi, o, hər iki düşmən qrupun üzvlərinə səbirlə izah edir ki, onların arasındakı rəqabət “o qədər də vacib bir şey deyil”. Brijit ona İsmael Emelien haqqında danışanda, Emmanuel emosiyalara qapılmır: “Sən onu sevmirsən”, – deyə arvadının sözünü kəsir. Çünki Makron yaxşı bilir ki, onun komandasında “təzə qana” ehtiyac çoxdur. 2018-ci ilin əvvəlindən prezident çalışır ki, onun kölgədə olan sadiq məsləhətçisi Filip Qranjon Yelisey sarayına gəlib onun komandasına qoşulsun. Sosialist Partiyasının keçmiş aktivisti hazırda CFDT (Fransa Demokratik Əmək Konfederasiyası) təşkilatında fəaliyyət göstərən bu adamın siyasi təcrübəsi, həqiqətən, əvəzolunmazdır. Əvvəllər Sosialist Partiyasından olan müxtəlif Nazirlərin Kabinetində çalışan, sonradan Parisin meri Bertran Delanyönün məsləhətçisi olan bu adamı Makron çox yüksək qiymətləndirir. Əslində, Filip Qranjonu öz yanına – Yelisey sarayına gətirməyi Makron yanvar ayından arzulayır. İlin birinci ayında prezident ona sadiq bu adama təklif edir ki, bütün funksiyalarını atıb Yelisey sarayına gəlsin və onun “xüsusi məsləhətçisi” olsun. Lakin Qranjon özünü bu işə hazır saymadığından, prezidentin təklifi ni qəbil etmir. O, saraydan və saray münaqişələrindən kənarda qalmağa üstünlük verir.

(ardı var)

 

Избранный
21
xalqqazeti.az

1Источники