Bu haqda xəbəri “Sky Sports” yayıb. Samanta bir müddət əvvəl 31 yaşlı avstraliyalı polis nəfərini “axmaq ağ” adlandırıb ki, bu da məhkəmə araşdırmasına şərait yaradıb.
Arzuolunmaz insident hələ 2023-cü ilin yanvarında baş verib. Onda ABŞ yığmasının yarımmüdafiəçisi Kristi Myuislə Londonun cənub-qərbində dincələn Samanta spirtli içki qəbul edib. Qızlardan biri taksidə “qaytarıb”, bu üzdən maşının salonu çirklənib. Ancaq qadın futbolçular sürücüyə kimyəvi təmizliyə görə pul ödəməkdən boyun qaçırıblar – belədə sürücü onları maşından buraxmayıb.
Myuis cavabında maşının şüşəsini qırıb, sürücü isə polis çağırmalı olub. Hər iki futbolçu polis bölməsinə aparılıb, qalmaqal da orda baş verib. Kerr bir neçə dəfə konstebl (aşağı polis rütbəsi – red.) Stiven Lovelli təhqir edib, ona konkret “axmaq ağ” deyib. “Çelsi”nin futbolçusu məhkəmədə deyib ki, polisin dərisinin rəngindən təhqir kimi istifadə etməyib.
Bundan başqa, Samanta Lovelli onun şərəf və ləyaqətini təhqir etməkdə suçlayıb: “Əmin oldum ki, polislər, xüsusən də Lovell dərimin rənginə görə mənlə fərqli davranır. Kristinin maşınını şüşəsini qırdığını bəyan etməsinə baxmayaraq, həmin polis nəfəri məhz məni yalan danışmaqda suçladı, ardından ziyan vurduğumu əsas gətirib, məni həbs etdi. Həmin məqamda düşündüm ki, polislər günahı mənim boynuma yıxmaq istəyir”.
Belədə hakim xanım futbolçudan soruşub ki, konstebli ağ olduğuna görə axmaq sayırsızmı? Samanta bu suala mənfi cavab verib. Bununla belə, onu da əlavə edib ki, hər halda, Lovelli axmaq sayır:
“Hiss edirəm ki, bu məqam hələ də aktualdı”.
Andlılar Kerri suçsuz sayıb. “Sky Sports” belə hesab edir ki, məhkəmənin qərarı əsasən münaqişə ilə bağlı işin yalnız bir il sonra – 2023-cü ilin dekabrında açılmasıyla izah olunur. Lovell əvvəlcə Kerrdən şikayət etmək fikrində olmasa da, sonradan ifadəsini dəyişib. Polisin dediyinə görə, futbolçunun sözləri onda “şok, məyusluq, narahatlıq və alçaldılma hissi” yaradıb.
Hakim Piter Lodder bəraət qərarı ilə razılaşmasa da, başqa seçim imkanının olmadığını bildirib:
“Hesab edirəm ki, sizin öz davranışınız önəmli dərəcədə münaqişə yaranmasına səbəb olub. Mən andlıların verdiktini dəstəkləmirəm, lakin bu, mühüm əhəmiyyət kəsb edir”.
Maraqlıdı ki, Böyük Britaniyada ədalət məhkəməsi heç də həmişə belə mərhəmətli olmur. İngiltərə Futbol Assosiasiyası 2024-cü ilin payızında “Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankuru koreyalı həmklubu Sın Hın Minlə bağlı zarafata görə daha sərt cəzalandırmışdı. 2024-ün yayında internetdə belə bir video yayılmışdı: Bentankur ondan Sonun futbolkasını istəyən aparıcıya belə cavab verir:
“Sonni? Sonninin əmisi oğlunun da futbolkası ola bilər. Onlar hamısı bir-birinə oxşayır”.
Onda Son dərhal günahını boynuna alan Bentankuru bağışlasa da, futbol hakimiyyəti sərtlik göstərdi, maksimum cəza kəsdi – yarımmüdafiəçi 7 oyunluq diskvalifikasiya olundu və 120 min avro cərimələndi. Uruqvaylı “nalayiq davranışda”, eləcə də “milli və ya irqi əlamətə görə təhqiramiz-alçaldıcı leksikadan istifadədə” ittiham olundu.