RU

Ortaq media platforması informasiya savaşında gücümüzü artırır

Bugünlərdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının 5 illiyi tamam olub.

Bu münasibətlə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Türkiyənin Bakıdakı səfirliyi ilə birgə keçirdiyi dəyirmi masada hər iki ölkənin media rəsmiləri və media təmsilçilçiləri ortaq platformanın ötən 5 ildəki uğurlarına və növbəti hədəflərə geniş nəzər saldılar. Müzakirədə söylənən mülahizə və təkliflər qardaş ölkənin media ictimaiyyəti də diqqət və maraqla qarşılayıb.

Ölkələrimiz arasında ortaq media platformasına əsasən, “Xalq qəzeti” ilə yaradıcılıq əlaqələri qurmağa başlayan Türkiyənin Egey bölgəsinin ən böyük gündəlik nəşri – Bakı ilə hələ sovet dövründə qardaşlaşmış İzmirin “Yeni gün” qəzetinin baş redaktoru Məsud Şimşək telefon açıqlamasında bildirdi:

– Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı tarixi dəyərlərə söykənən qardaşlıq münasibətləri ölkələrimizin media əlaqələrinin də genişlənməsinə üstün şərait yaradıb.

Ölkələrimizin media qurumları uzun illərdir ki, informasiya cəbhəsində ortaq mövqedən çıxış edir, həqiqətlərimizi dünyaya həmrəylik prizmasından təqdim edir, dezinformasiyaları birgə cavablandırır.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin 5 il əvvəl imzaladıqları Media məkanında strateji əməkdaşlıq memorandumu tarixi əhəmiyyət daşımaqla, ölkələrimizin genişlənən media əməkdaşlığına siyasi tərəfdaşlıq məzmunu gətirdi. Bu platformanın hədəfi getdikcə kəskinləşən informasiya savaşının və sosial media da daxil olmaqla, artan dezinformasiyaların qarşısını ortaq mövqedən, birgə səylərlə almaq, ölkələrimiz barədə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır.

Qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi olduqca mühüm hadisə oldu və 5 ildir ki, ölkələrimizin ümumi maraqlarına xidmət edir. Azərbaycan–Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son illərdə daha da güclənib və Türk dünyasının həmrəyliyinin mərkəzinə çevrilib. Şübhəsiz, Qarabağ savaşının tarixi zəfərlə başa çatması xalqlarımızın bir-birinə arxa-dayaq olmasının qüdrətini bütün dünyaya göstərdi. Bu güc Türk birliyinin yeni mərhələyə daxil olmasına da təkan verdi.

Məsud Şimşək daha sonra Azərbaycan Prezidentinə istinadla söylədi ki, bu gün dünyada Azərbaycan və Türkiyə kimi geniş əlaqədə olan və bir-birinə güvənən başqa dövlət yoxdur:

– Baş verənlər də təsdiqləyir ki, Türkiyə – Azərbaycan birliyi dəyişən dünya nizamı fonunda bundan sonra da davamlı olaraq möhkəmlənməli və miqyasını genişləndirməlidir. Ortaq media məkanımız bu məsələdə həmişəkindən də artıq ayıq-sayıqlıq, həmrəylik göstərməli, səmərəli əməkdaşlıq etməlidir. Olduqca məkrli siyasi oyunların getdiyi dünyada, obyektiv dəyərləri ikili ölçülər əvəz etdiyindən inam və güvəncləri deqradasiyadan qorumaq üçün daim bir-birimizin yanında olmalıyıq. Ortaq media platformamız bu sahədə bütün maneə və əngəlləri arxada buraxıb, ümumi informasiya cəbhəsi açıb.

Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Türk dünyası bizim böyük ailəmizdir. Bizim ən böyük siyasi qazancımız ölkələrimiz arasındakı birlik və həmrəyliyin daha da genişləndirilməsidir. Belə bir məramla qlobal səviyyədə beynəlxalq münasibətlərə örnək olan Türkiyə–Azərbaycan dostluq və qardaşlığı bundan sonra daha da inkişaf edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, bu qardaşlığa heç kim və heç nə xələl gətirə bilməyəcək.

Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu media qurumlarının fəaliyyətində ümumi maraqlarımızla bağlı canlanma yaratmaqla, geniş informasiya məkanımızın təhlükəsizliyinin qorunmasına, daha sıx peşəkar münasibətlərinin qurulmasına geniş meydan açıb. Bu yolda “Xalq qəzeti” ilə başlatdığımız əməkdaşlıq getdikcə genişlənəcək, dövlətlərimizin qüdrətlənməsinə, dünya miqyasında nüfuzlu mövqe qazanmasına informasiya dəstəyini artırmağa yönəldiləcək.

Hazırladı:
Namiq QƏDİMOĞLU
XQ

Избранный
21
xalqqazeti.az

1Источники