RU

Şairin bütün şeirlərində Vətənə sevgisi tərənnüm olunur

İstedadlı şair Səxavət Ənvəroğlu (Seyidməmmədov) bölgəmizdə öz dəst-xətti ilə tanınan
yazarlarımızdandır. O, “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın
işindən baş açmaq olmur” (2017), “Sətir-sətir oxu məni” (“2018), “Gedirəm” (2020), “Məni
bağışla” (2022), “Xatirələr qocalmır” (2024) şeir kitablarının müəllifidir.
Şairin məzmun və janr baxımından rəngarəng olan yaradıcılığının ana xəttini vətənpərvərlik
mövzusu təşkil edir. İnsan Vətənə məhəbbət hissini Vətəndən uzaqlarda olduqda daha dərindən
duyur və hiss edir. Məhz bunun nəticəsidir ki, dənizçi şair vətən haqqında ən təsirli şeirlərini
gəmilərdə işlədiyi zaman əcnəbi ölkələrə (İngiltərə, Hollandiya, İtaliya, Hindistan, Misir və s.)
səfərləri zaman yazmışdır. Şairin bütün şeirlərində Vətənə sevgisi tərənnüm olunur. Onun
“Azərbaycan – qol,qanadım” şeirində oxuyuruq:
Düz ilqarım, əhdim, andım,
Öz-özümü hey qınadım.
Azərbaycan – qol, qanadım,
Ondan qeyri nədən yazım?
Süveyş (Misir, Qırmızı dəniz).
Səxavət Ənvəroğlu təbiətin əsrarəngiz gözəlliklərini poeziya dili ilə ustalıqla təsvir edir.
Onun təbiət mövzusunda yazdığı “Sizdədir dağlar”, “Deyir yaz gəlib”, “Yasəmən” və digər şeirləri
dediyimizə bariz nümunədir.
Şairin yaradıcılığında sevgi-məhəbbət mövzusu da mühüm yer tutur. Onun “Yenə də
ayrılıq”, “Üzür məni”, “Mən sevən kimi”, “Səndən savayı”, “İlk məhəbbət” və digər şeirlərində
təmiz, saf, səmimi məhəbbət tərənnüm olunmaqla yanaşı hicran, uğursuz sevgi, sonrakı peşimançılıq
hissləri də poetik dillə tərənnüm olunur.
Şairin ictimai-satirik mövzuda “Gözləmir baba!”, “Yoxdur”, “Pulla alırlar” və s. şeirləri,
uşaqlar üçün yazdığı “Azərbaycan bayrağı”, çoxlu sayda şeir-tapmacalar və digər şeirləri də
maraqlıdır.
Mən, şair dostum Səxavət Ənvəroğlunun nəsrlə məşğul olduğunu, hekayələr də yazdığını
bilmirdim. Bir gün o, Xaçmazdakı “Ulduzlar” ədəbi məclisinin tədbirindən çıxarkən mənə öz
hekayələrini təqdim etdi və oxuyub, fikirlərimi bildirməyimi xahiş etdi.
Evə gəldikdən sonra bir həftə ərzində Səxavətin hekayələrini oxuyub bəzi orfoqrafik
düzəlişlər etdim, eyni zamanda özüm üçün hekayələrin məzmununa aid müəyyən qeydlər apardım.
Əvvəla, onu qeyd edim ki, hekayələr təhkiyə üsulu ilə yazılıb. Yəni hekayədə baş verən
əhvalatlar bir nəfərin – müəllifin özü tərəfindən nəql edilir.
“Tənhalıq şahiddir”.
“Tənhalıq şahiddir” hekayəsi “Məzarında bitəcəyəm” adlı bədii müqəddimə ilə başlayır.
Burada ilk sevgisinə qovuşmamış aşiq, illər ötdükdən sonra sevgilisinin məzarını ziyarət edir. Qızın
şəkli həkk olunmuş mərmər baş daşı önündə pıçıltı ilə qəlbindən qopub gələn bu misraları söyləyir:
Yaşamaq uğrunda güc edəcəyəm,
Sərkərdan ömrümü heç edəcəyəm.
Çiçəkləri göz yaşımla oxşayıb,
Bir gün bu dünyadan köç edəcəyəm.
Aşiqin sevgilisinin məzarlıqdakı əksinə baxaraq qəlb ağrısı ilə apardığı birtərəfli, səssiz
dialoq hekayənin təsirli səhnələrindəndir. O, ilk sevgisini unutmayacağını, vaxtaşırı gəlib yad
edəcəyini söyləyib gözləri yaşlı, qəlbində qəm yükü ilə məzarlığı tərk edir.
Hekayənin gedişatında əsərin qəhrəmanlarından olan şəxsin elə əsərin müəllifi Səxavət
olduğu qənaətinə gəlirsən. Belə ki, əsərin qəhrəmanlarından biri – müəllif Səxavət, keçmiş Qafur
Məmmədov adına Bakı Dəniz Yolları məktəbini bitirmişdir (indiki Azərbaycan Dövlət Dənizçilik
Akademiyası). O, mexanik ixtisasına yiyələnmişdir.
Bir gün qaldığı ailəlilər yataqxanasında otağına daxil olduqda telefon zəng çalır. Müxtəsəri
o, Pərvanə adlı qızla tanış olur. Onunla görüşür, hətta evlərində də qonaq olur. Qızın anası, atası ilə
də tanış olur. Qız onu sevdiyini bildirir. Səxavət sevsə də, nədənsə qıza “Səni sevirəm” sözünü
deməyə tələsmir.
Səxavət bir gün Pərvanəni yad oğlanla görür. Pərvanə bu görüşə belə don geyindirir ki, guya
həmin oğlan onun qohumudur. Amma uzaq səfərlərdən qayıdıb hədiyyələrlə Pərvanəgilə gəldikdə
həmin oğlanı otaqda qızla söhbət etdiyini görür. Pərvanə bildirir ki, artıq onlar nişanlıdırlar. Səxavət
pərt halda çıxıb getmək istədikdə, qız həyət qapısında ona: “Sən də sevdiyinlə xöşbəxt ol, məni
toyuna çağırarsan” – deyir. Səxavət ilk sevgi oxu daşa dəydikdən sonra sarsıntılarının təsirindən
xəstəxanada yatmalı olur. Tibb institutunun xəstəxanaya təlim keçməyə gələn tələbə qızlarından biri
Pərvanənin rəfiqələrindən imiş. O, belə bir adamın xəstəxananın hansı palatasında yatması barədə öz
rəfiqəsinə məlumat verir. Pərvanə xəstəxanaya gəlib Səxavətlə görüşür. Onun üçün yemək, meyvə
və s. gətirir. Səxavət onu əvvəlcə qəbul etmək istəmir. Sonra onun da taleyinə acıyıb qəbul etməli
olur.
Bütün bunlar hekayənin davamı olan “Peşimançılıq” bölməsində cərəyan edir. Pərvanə baş
verənlərə görə, özünü günahlandırır, peşimançılıq hissləri keçirir.
Səxavət bir neçə gündən sonra xəstəxananı tərk edir. Amma bu haqda Pərvanəyə məlumat
vermir. Ancaq Pərvanə son görüşünü də unuda bilmir. Bu görüşdə Səxavətə dediyi şeiri xatırlayır:
Mən səni hər zaman xoş duyğu kimi,
Kövrək ürəyimdə daşıyacağam.
Özümə borc bilib bir sayğı kimi,
Sənin həsrətinlə yaşayacağam.
Səxavət yenə düşüncələrə qapılır: “Bu sözləri deyəndə onun üzü ağacdan düşmək istəyən payız
yarpağı kimi idi… Səxavət bu hekayədə öz fikir və düşüncələrini belə yekunlaşdırır: “Mən həyat
dəryasında qasırğaya, fırtınaya düşüb istiqamətini dəyişmiş bir gəmiyəm, sevinc əvəzinə kədər də
yeyirəm, ətrafa baxanda isə hər şeyə həsəd aparıram. Yaxşı ki, baxışlarına dözməyə çaylar şırıltısını,
nəriltisini dənizlərə axıtdığı kimi, bədənimdə irili-xırdalı damarlar, kapilyarlar var, ağrılarımı,
acılarımı onların içində bölüşdürüb yüngülləşdirərək ürəyimə verə bilirəm. Əgər saydıqlarım
olmasaydı, yəqin ki, ürəyim dözməzdi…”.
“Gecikmiş məhəbbət”.
“Gecikmiş məhəbbət” adlı hekayədə əsərin qəhrəmanlarından biri Pərvanə adlı qızdır.
Hekayənin sonlarında Pərvanənin Gülsüm xalaya: “Elçinlə görüşməyə gəldim” – deməsindən, əsərin
əsas personajlarından adının “Elçin” olduğunu müəyyən edirik və əsər yenə də bir nəfərin – Elçin
adlı oğlanın dilindən söylənilir.
Hekayədə kənd həyatı təsvir olunur. Elçin kənddə yaşayır. O, Pərvanə adlı qızı sevir. Amma
sevgisini hələ ona bildirmir. Elçin hələ uşaq olanda atası dünyasını dəyişərkən vəsiyyət etmişdi.
Anasının isə qonşudakı Tərsanə adlı qızdan xoşu gəlir. Atasının vəsiyyətini də oğluna bildirir ki,
əgər əcəl aman versə, Tərsanəni oğlu üçün alacağını vəd edib. Bunu qız tərəfi də bilir. Amma
Elçinin qəlbində Pərvanəyə qarşı məhəbbət hissləri hakim idi. O, öz sevgisini qıza bildirmək üçün
fürsət axtarırdı. Nəhayət, bir gün Elçinə hərbi xidmətə getmək barədə çağırış vərəqi gəlir.
O, yola düşməyə bir neçə gün qalmış bulağa gedən Pərvanənin qarşısını kəsir, onu sevdiyini
bildirir. Qayıdıb gələnə qədər onu gözləməsini təvəqqe edir. Qız utana-utana və gülümsəyərək:
“Sağ-salamat get, qayıt, baxarıq, yazışıb əlaqə saxlayarıq” deyir. Elçin çox sevinir.
Qohumlarından bir qızın vasitəsilə görüş təşkil edir ki, Tərsanəyə sevmədiyini bildirsin. Tərsanə
düşünürdü ki, Elçin ona eşq elan edəcək, ancaq əksinə olur. O, Elçini ürəkdən sevdiyi üçün bu
xəbərdən çox pis olur.
Elçin 2 il Rusiyanın Novorossiysk şəhərində hərbi xidmət keçir. Vaxtaşırı Pərvanə ilə, anası ilə
məktublaşır. Xidmətinin sonlarına yaxın məktublardan bəd xəbərlər gəlir: “Pərvanə ərə getdi,
Tərsanə də nişanlanıb”. Vəssalam. Elçin pərt olur. Hərbi xidmətdən sonra Azərbaycana nə üçün
qayıtsın? Odur ki, Novorossiyskdə qalıb işləyir. 1 il işlədikdən sonra doğma Vətənə getməsinə icazə
istəyir. Ona icazə verirlər.
Elçin qatarla Bakıya, ordan taksi ilə rayona – evlərinə gəlir. Taksidən düşüb sükuta dalmış
evlərinə, həyət qapısına yaxınlaşır… həyət-bacada sakitliyi görüb həyəcanlanır, qəhərlənir…
Düşünür: “görəsən anam sağdırmı? Atamın da vəsiyyətinə əməl etmədim”… (Hekayənin bu yerində
mən də doluxsundum, gözlərim yaşardı. Ukraynada iki illik hərbi xidmətdən qayıdıb kənddə,
evimizin həyət qapısında anamın necə sevinclə, gözləri yaşarmış halda qarşılaması səhnəsi
xatirəmdə canlandı, gözlərimin önünə gəldi… M.Q).
Çox şükürlər ki, anası və qardaşları gözlənilmədən arxa tərəfdən gəlib Elçini qucaqlayırlar.
Elçinə bir aylıq məzuniyyət vermişdilər. Eşidən-bilən qonum-qonşu onlara gəlib-gedirlər.
Məzuniyyətinin 20-ci günü Pərvanə də Gülsüm xaladan icazə alaraq Elçinlə görüşməyə
gəlir. Elçin onu yola salarkən o, Elçinə öz acı taleyindən danışır. Ona da məsləhət görür ki,
birdəfəlik qayıdıb Vətənə gəlsin, ailə həyatı qursun, anası da təkdir, qocalıb, ona da kömək lazımdır.
Elçin Novorossiyskə qayıdıb, daha 6 ay işləyir. Orda olduqda eşidir ki, Pərvanə yenidən ərə gedib.
Elçin 5-6 aydan sonra qayıdıb Vətənə gəlir, təyinatını Bakıdakı zavodların birinə alır və işlə təmin
edilir. Anasının məsləhəti ilə o, ailə həyatı qurur. Ayda 1-2 dəfə iki uşağını da götürüb ailəsi ilə
kəndə gəlir, anası və qardaşları ilə görüşür, bir qədər istirahət etdikdən sonra yenidən şəhərə
qayıdır…
Hekayənin sonunda Elçin deyir: “Budur mənim, gecikmiş məhəbbətim”in analı dünyası…
“Bəxtsiz talelər”.
Səxavət Ənvəroğlu uğursuz məhəbbət, nakam eşq mövzusunu “Bəxtsiz talelər” adlı
hekayəsində də davam etdirmişdir. Bu hekayədə baş verən hadisələr də təhkiyə üsulu ilə müəllifin
öz dilindən söylənilir. Bir fərq var ki, hadisələri söyləyən BDU-nun hüquq fəkultəsinin tələbəsidir.
O, növbəti semestr imtahanlarına hazırlaşmaq üçün sakit bir yer axtarır. Mayın isti günlərindən
birində Bakının Şıx çimərliyinə gəlir. Adamların az olduğu yer axtarır. Qayalıqlara yaxın yerdə,
qumlu sahildə, çimərlik geyimində bir qız ilə oğlan söhbət edir, deyib-gülür və yemək yeyirdilər.
Oğlan: “Məni sevirsənsə, bunu iç!” – deyərək qıza bir qədəh araq uzadır. Qız güclə yarısını içə bilir.
Bu müddətdə hüquq tələbəsi bir dəfə dənizə girib-çıxmış və qumlu sahildə oturub kitab oxumaq
bəhanəsiylə arada onların hərəkətlərinə göz qoyurmuş.
Bu vaxt qışqırıq səsi eşidilir. İçib sərxoş olmuş oğlan, zorla “sevdiyi” qıza hücum etmək
istəyir. Qız “kömək edin!” deyərək qışqırırdı. Tələbə oğlan tez qıza yardım göstərir, sərxoş oğlanı
dartıb kənara itələyir. Əvəzində özü də oğlandan zərbə alır və huşunu itirib yıxılır.
Ayılanda özünü xəstəxanada görür. Müstəntiq gəlir sorğu aparır; tələbə deyir ki, qayalıqda kitab
oxuyarkən ilan görür, qorxub çəkildikdə qayalıqdan yıxılır, əl-qolunu əzir… Həqiqəti demir.
Nəhayət, müstəntiq əlacsız qalıb ona inanır, protokola imza etdirir və çıxıb gedir. Yanına xilas etdiyi
qız da gəlir. Ona minnətdarlığını bildirir. Yaxşı tanımadığı həmin avara, yaramaz oğlanın –
“segilisi”nin çıxıb itdiyini deyir. İndi tək qaldığını, əgər istəsə, gəlib onunla qala bilməsini tələbə
oğlana təklif edir.
Lakin tələbə oğlan yataqxanada qalmağı üstün tutur. Nəhayət o, xəstəxanadan çıxır,
imtahanlarını verir, istirahət üçün kəndə gedir. Amma həmin hadisələri unuda bilmir.
Bir vaxt dostunun avtomobili ilə gəlib hadisənin baş verdiyi həmin o yerləri, qumlu sahili
gəzir, xatirələrə dalır. Hadisəni dostuna da danışır. Dostu nə üçün şikayət etmədiyini, yaxud da
həmin oğlandan qisas almadığını soruşduqda, tələbə oğlan gözlərini uzaq nöqtəyə zilləyir, sakitcə
oturduğu yerdə donub qalır və dərindən köks ötürür…
Bəli, yazıçı dostum Səxavət Ənvəroğlunun gecikmiş məhəbbət, nakam, uğursuz eşq, bəxtsiz
talelər haqqında həyat hekayəsini oxuyub, 26.01.2023-ü il tarixində qeydlərimi tamamladım.
Bunları ona görə həyat hekayələri adlandırıram ki, bu hekayələrdə baş verən hadisələr həyatdan
götürülüb və hər kəsin başına gələ bilər. Odur ki, gənclərimiz ailə həyatı qurmazdan əvvəl özlərinə
həmdəm seçdikdə tələsməməli, yüz ölçüb, bir biçməlidirlər. Xüsusən, qızlarımız çalışmalıdır ki, bu
hekayələrdə təsvir olunan Pərvanənin və digər qızların tələskənlikdən olan uğursuz məhəbbət
macəralarını yaşamasınlar. Çünki, “Tələsən yıxılar, sonrakı peşmançılıq fayda verməz”…
Səxavət dostum bu hekayələri gənclik çağlarında yazdığını qeyd edir. Bu hekayələrin bəlkə
də, ilk oxucusu mənəm.
Bəs, Səxavətin hekayə yaradıcılığında diqqətimi nə cəlb etdi?
Gənc çağlarında yazmasına baxmayaraq, bu hekayələrdə poetika güclüdür. Müəllif sadə,
bəsit cümlələrdən, demək olar ki, istifadə etməyib. Mən ondakı poetizmə heyran qaldım. Dənizçi-
yazıçı poeziyada olduğu kimi, bədii nəsrdə də bədii təsvir və istifadə vasitələrindən yerində istifadə
etməklə, söylədiyi fikrin emosional təsir gücünü bir qədər də qüvvətləndirir…
Hekayələrdən verdiyim aşağıdakı nümunələrdə də biz bədii təsvirin poetik tərənnümünü
görürük:
1. “Günəş qarşıdakı meşəli dağların axasından tənbəl-tənbəl qalxaraq (metafora), yarıçılpaq
“nazlı gəlinlər” kimi (təşbeh) boylanıb naz-qəmzə ilə özünü göstərirdi” (“Tənhalıq
şahiddir”).
2. “Tərsanənin gözləri yağmağa yığılan bulud kimi dolub, sanki şimşəyin çaxmağını
gözləyirmiş kimi, tarıma çəkilmişdi” (“Gecikmiş məhəbbət”).
3. “Qız şıltaq ləpələrin əzizlədiyi sahil qumu kimi sakitcə dayanıb, güclə oturduğu yerdə
müvazinətini saxlamışdı”.
4. Yaxud: “Aram-aram sahilə axan dalğalar həzin layla çalıb körpəsini əzizləyən ana kimi sahil
qumlarını oxşayıb sığal çəkdikcə, qoyduğum ayaq izlərinin üstünü örtüb hamarlayırdı”…
(“Bəxtsiz talelər”).
“Piyada keçidində”.
“Piyada keçidində” adlı hekayə müəllifin şəxsi müşahidəsi əsasında yazılıb. Müəllif öz şəxsi
avtomobilində şəhərdə yol ayrıcında bir hadisənin şahidi olur. Avtomobil yolunun ortasında bir kişi
əlində tutduğu solğun çiçək dəstəsi ilə sağa-sola hərəkət edir, nəsə bir qərara gələ bilmir. Maşınlar
da dayanıb, siqnal verirdilər, onun bu hərəkəti piyada yol keçənlərin də diqqətini cəlb edir. Nəhayət,
səbirsizlik edən bir gənc sürücü avtomobilindən düşüb həmin şəxsi kobudluqla maşın yolundan
kənara, səkiyə çəkib, çıxartmaq istəyir. Yol keçən yaşlı bir adam gəncdən kobudluq etməməsini
xahiş edib, onun oğlunu itirdiyinə görə bu dərddən bir az havalı olduğunu söyləyir. Yaşlı kişi çarəsiz
adamı çəkib səkinin kənarında oturdub, sakitləşdirir…
Yol açılır, nəqliyyat axarına düşür. Müəllif də mühərriki işə salır. Amma yol boyu onu bir fikir
narahat edir; “Nə üçün həmin adamı tanıyanlardan kimsə onu qolundan tutub oğlunun məzarını
ziyarət etməyə aparmır? Axı niyə? Axı o övlad atasıdır! Buna heç kəs vaxt ayırmaq istəmir. İndi
hamı harasa tələsir!”…
Unudulmaz xatirələr”
Peşəsi ilə əlaqədar ömrünün 40 ilə yaxın dövrünü dünya sularında üzməklə keçirən müəllif
“Unudulmaz xatirələr” adlı hekayəsində İtaliya səfəri zamanı dostları ilə başına gələn əhvalatı,
eyni zamanda İtalyanların bizdən fərqli olan, ozlərinə xas adət-ənənələrini qələmə almışdır.
“Dilənçinin böyük ürəyi”.
“Dilənçinin böyük ürəyi” hekayəsi də müəllifin şəxsi müşahidəsi əsasında yazılmışdır.
Müəllif öz avtomobilinin pəncərəsindən ətrafı seyr edərkən, diqqətini nimdaş geyimdə dilənən
bir dilənçi kişi cəlb edir. O, bir əli ilə çiynindən salladığı köhnə bazar çantasını tutmuş, digər əli
ilə qorxa-qorxa əl uzadıb dilənirdi. Yol keçənlərdən dilənçiyə qəpik-quruş verən də olurdu,
verməyən də. Amma səliqəli geyinmiş orta yaşlı bir kişi ona əl açmış dilənçiyə təpinir, acığını
ona tökür. O, dilənçiyə bildirir ki, özü neçə aydır işdən qovulub, uşaqları acdır, cibində heç
avtobus pulu da yoxdur. Amma sənin ovcun pulla doludur və sair…
Dilənçi onun halına acıyır. Yığdığı bütün pulları onun cibinə basaraq qaçıb-uzaqlaşır…
Getməmiş bildirir ki, o yenə dilənə bilər, təkdir, bir qarın çörək tapa bilər. Amma sizin
vəziyyətiniz pisdir, siz bu geyimdə dilənə də bilməzsiniz…
Kişi o tərəf-bu tərəfə boylanır (onları görən varsa), cibindəki pullara baxır, sonra bir söz
deməyib yoluna davam edir…
Müəllif bu hadisənin seyrindən təsirlənir. Son sözü də bu olur ki; “deməli insanlıq hələ
ölməyib. Yaşamağa dəyər!”…
Yazıçı Səxavət Ənvəroğlu öz yaradıcılığında klassik janrlardan olan alleqorik janra da
müraciət etmişdir. Onun “Hiyləgər yalquzaq” və “Tülkü ilə itin sövdələşməsi” əsərləri alleqorik
janrdadır.
“Hiyləgər yalquzaq”
“Hiyləgər yalquzaq” hekayəsində qocalığına bacarıqsızlığına görə öz dəstəsindən
qovulmuş Yalquzaq, hiylə ilə qoyun sürüsünə başçılıq edən Təkəni ələ alır. Onu inandırır ki,
sürüdə qoyunlar arasında satqınlar var. Onlar çobanlar və köpəklərin nə zaman kənarda olmasını
canavarlara xəbər verir. O, gündə bir “satqın” qoyunu təkəyə nişan verib onu aradan götürür və
kənarda parçalayıb həzm edir. Gec də olsa, Təkə qoca Yalquzağın fırıldağını başa düşərək
buynuzları ilə zərbə endirib, onu yerə sərir. Deyir ki, bir də səni buralarda görməyim. Yalquzaq
sürünə-sürünə oradan uzaqlaşır…
“Tülkü ilə itin sövdələşməsi”.
Səxavət Ənvəroğlunun “Tülkü ilə itin sövdələşməsi” alleqorik əsərində hiyləgər Tülkü bir
dovşan tutaraq, aparıb köpəyə hədiyyə edir ki, onunla aralarında dostluq əlaqəsi yaratsın, ev
sahibinin qazını, ördəyini, toyuğunu apardıqda Köpək ona göz yumsun, hürüb, adamları
oyatmasın. Elə də olur. Ev sahibinin ac saxladığı Köpək, Tülkü üçün şərait yaradır.. nəticədə
həm Tülkü həm də özü tox və firavan dolanırlar…
Yazıçı Səxavət Ənvəroğlunun həm hekayələrində, həm alleqorik əsərlərində
ümumləşdirici, ibrətamiz, tərbiyəvi cəhətlər çoxdur. Onun əsərlərini oxuyub obrazları
səciyyələndirən oxucu, səhvlərdən nəticə çıxararaq nümunəvi, tərbiyəvi cəhətləri götürməli,
onlardan faydalanaraq xoşbəxt, firavan həyat yolunun təməlini möhkəm qurmalıdır.
Düşünürəm ki, bu qədər yetər.
Mən, yazıçı dostum Səxavət Ənvəroğluna poeziyada olduğu kimi, nəsrdə də yeni-yeni
yaradıcılıq uğurları arzulayıram.
Mehrəli Qulu,
AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü,
“Qızıl qələm” media mükafatı laureatı.
Избранный
4
moderator.az

1Источники