24 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında bəyanatla çıxış edib.
Publika.az XİN-ə istinadən xəbər verir ki, o, Ermənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavab verib.
Nazir müavini bildirib ki, ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqaməti daxil olmaqla normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər: "İndiki məqamda, Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik".
Elnur Məmmədovun sözlərinə görə, münaqişədən sonrakı reabilitasiya münaqişənin bütün mənfi nəticələrinin aradan qaldırılmasını tələb edir ki, bu da eyni zamanda cinayət törətməkdə şübhəli bilinən şəxsləri ədalətə cəlb etməyi ehtiva edir: "Bu Azərbaycanın təkcə hüququ deyil, həmçinin beynəlxalq hüquqa görə müharibə cinayətləri törətməkdə şübhəli bilinənləri məsuliyyətə cəlb etmək öhdəliyidir. Biz təqsirləndirilən şəxslərin bütün prosessual hüquqlarının lazımi beynəlxalq standartlara uyğun şəkildə təmin olunmasını təmin etmişik və bundan sonra da davam edəcəyik. Bu səylər ədalətə xidmət edəcək".
Elnur Məmmədov vurğulayıb ki, müharibə dövründə törədilmiş cinayətlərdən danışarkən münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi və ailələrinin davamlı əzab-əziyyətinə son qoyulması mühüm əhəmiyyət kəsb edir: "Biz BMT-nin müvafiq orqanlarını və mexanizmlərini bu insanların taleyinə və harada olduqlarına aydınlıq gətirmək məqsədilə bu məsələni öz gündəliyində yüksək tutmağa və Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırırıq".