RU

Azərbaycan-Pakistan biznes forumu keçirilib

Finss.az - Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes-forumda çıxış ediblər.

Azərbaycan Prezidenti “Şadam ki, Sizin dövlət səfəriniz çərçivəsində böyük şirkət nümayəndələrinin iştirakı ilə Bakı şəhərində biznes-forum təşkil edilib. Forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və bu gün cənab Baş nazirlə müzakirə etdiklərimizin nümunəsidir”, - deyərək, siyasi sahədə ikitərəfli münasibətlərimizin müstəsna səviyyədə olmasından məmnunluğunu ifadə edib: “Eyni zamanda, biz təəssüfləndik ki, ikitərəfli ticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bu gün artıq verilən mesajlar, bizim müzakirələrimiz daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal əməkdaşlıq olsun və ticarətimiz artsın. Bizim bunda marağımız var və biz hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz, əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır”.

Prezident İlham Əliyev ötən ilin yayında Pakistana səfərini xatırladıb: “Səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Bizim heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, - o, mart ayının sonuna təsadüf edir, - biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik”.

Dövlət başçısı müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunub: “Enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk və yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çevriləcəkdir. Enerji sahəsində əməkdaşlıq, - bu gün bu sahəyə maye qaz daxildir, - əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir.

Eyni zamanda, biz nəqliyyat sektorunda da imkanları nəzərdən keçirdik. Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir – Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla biz daha geniş imkanlar təqdim edə biləcəyik. Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin.

Eyni zamanda, biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə, Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır.

Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da bizim iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik”.

Baş nazir Məhəmməd Şahbaz Şərif çıxışında ikitərəfli münasibətlərə toxunub: “Əziz qardaşım İlham Əliyevin çox gözəl ifadə etdiyi kimi, bizim iki qardaş ölkə arasında münasibətlərimiz çox əladır, mən hətta cənab Prezidentin bu barədə dediklərinə nəsə əlavə etməyə söz tapmıram. Ancaq onu deməliyəm ki, bu münasibətlər, səmimiyyət, məqsədyönlü şəkildə irəli aparılan, qarşılıqlı etimada əsaslanan bir münasibətdir. Bunun onilliklərlə tarixi var və əlbəttə ki, iki xalq arasında rəğbət və məhəbbətə əsaslanır. Əziz qardaşım Prezident İlham Əliyevin də Pakistan xalqına və Pakistan dövlətinə böyük rəğbəti var. Mən hər zaman çalışıram ki, onun bu məsələdə əzminə bərabər səylər göstərim. Ancaq cənab Prezident hər zaman məndən öndə gedir və onun səyləri nəticəsində bu gün bu cür gözəl münasibətlərimiz var”.

O, bildirib ki, avqust ayında həm Pakistandan, həm də Azərbaycandan nümayəndələrin iştirak etdiyi bir tədbir təşkil ediləcək: “Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn, Pakistandan idxal olunan “Basmati” düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıbdır və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik. Bizim kommersiya nazirimiz burada əyləşibdir.

Əlbəttə, maye qaz daha bir əmtəədir və bu məsələ də bizim ticarət gündəliyimizə daxil edilə bilər. Əlbəttə, JF17 hərbi qırıcı təyyarəmiz var və Azərbaycanla Pakistan həmin təyyarə ilə bağlı fəal işlər aparır. Xanımlar və cənablar, onu da bəyan edə bilərəm ki, biz gündəlik əsasda səylərimizi səfərbər etsək, 2 milyard dollar həcmində ticarət dövriyyəsinə nail ola bilərik”.

Baş nazir daha bir xəbəri diqqətə çatdırıb: “Daha növbəti bir xəbər ondan ibarətdir ki, əziz qardaşım bunu qeyd etdi. Bu, 2 milyard dollar həcmində sərmayə bəyanatı cənab Prezidentin Pakistana sonuncu səfəri zamanı verilib və bu gün bildirdik ki, müvafiq heyətlər tərəfindən artıq bir çox gözəl işlər görülüb. Mən bu fəaliyyəti təqdir edirəm. Ancaq ortada müəyyən boşluqlar qalmaqdadır, ona görə biz son tarixi müəyyən etmişik ki, aprel ayında cənab Prezidenti İslamabadda salamlayacağıq və həmin 2 milyardla bağlı sazişlər imzalanacaq.

Onu da qeyd etməliyəm ki, əziz qardaşım, Sizə minnətdaram, bu, həqiqətən də qarşılıqlı faydalı işlər olacaqdır. Hər iki ölkə bundan fayda görəcəkdir. Ancaq biz bunu tərəfinizdən çox böyük bir jest kimi qəbul edirik və bunu heç vaxt unutmayacağıq. Eyni zamanda, mən Azərbaycan heyətinə təşəkkür etmək istəyirəm. Öz heyətimizə də təşəkkür etmək istəyirəm ki, artıq böyük işlər görülüb. Əminəm ki, Fars körfəzinin və Xəzər dənizinin suları birləşəcək. Bu, ölkələrimiz arasında mühüm bir sinerji və enerjidir. Həqiqətən də bu, bizim qardaşlıq münasibətlərimizi daha yüksək səviyyəyə, misilsiz səviyyəyə qaldıracaq”.

Şimal-Cənub dəhlizi məsələsinə gəldikdə, isə bildirilib ki, burada səmərəli nəqliyyat sistemi olmasa, bu sahədə hədəflərimizə nail ola bilmərik: “Bunun üçün isə bu gün səmərəli müzakirələrimiz olub. Bu məsələ geniş tərkibdə müzakirə edildi və biz Sizin baxışınızı tam dəstəkləyirik. Sizi əmin edirəm ki, Pakistanın Qvadar limanı bu işdə həlledici rol oynaya bilər, həm ixrac, həm də idxal baxımından. Ona görə də mən təklif edirəm ki, biz diqqətimizi bu məsələyə də yönəldək. Əziz qardaşım, Sizi əmin etmək istərdim ki, biz bu sahədə də Sizinlə çox sıx əməkdaşlıq edəcəyik.

Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki, bizim ikitərəfli ticarətimiz inkişaf etsin. Cənab Prezident, bu da Sizin baxışınıza uyğundur və biz də Pakistan Ticarət Palatasının nümayəndəliyini Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər”.

Избранный
58
24
fins.az

10Источники