RU

Ölkədə kütləvi silah yığımı - odlu silahlara artan marağın səbəbi

Bu gün, 09:55

Son həftələr bu istiqamətdə tədbirlər gücləndirilib; sabiq polis rəisi: “Elələri var ki, silahı harasa tullayır”
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 16 ədəd ov tüfəngi təhvil götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı isə 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilib.
Ümumiyyətlə, hər həftə Bakıda və ya bölgələrdə qanunsuz silah saxlanması ilə bağlı addımlar atılması xəbərlərinə rast gəlinir. Bəs ölkədə bu qədər silahlanmanın səbəbi nədir? Ov tüfənglərini kimlər və hansı şərtlə qanuni şəkildə əldə edə bilər?
Yeri gəlmişkən, Azərbaycanda 21 yaşına çatmış vətəndaşlar mülki odlu silah əldə etmək hüququna malik olacaq. Bu mövzu ilə bağlı Cinayət Məcəlləsinə və “Xidməti və mülki silah haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə edilib. Məlumat verilib ki, mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün yaş həddi 18-dir.

Mahmud Hacıyev
Keçmiş polis polkovniki Mahmud Hacıyev “Yeni Müsavat”a bildirib ki, azərbaycanlılar, Qafqaz millətləri silaha meyllidirlər: “Bəzi insanlar yalnız özünü və ailəsini qorumaq məqsədilə silah əldə etməyə çalışır. Amma hamı anlamalıdır ki, silah gəzdirmək qanun pozuntusudur. 90-cı illər müharibəsi dövründə Azərbaycanda 4-5 il ərzində silah yığımı baş tutdu və kifayət qədər silah toplanmış oldu. Bu proses hələ də davam edir. Azərbaycanda hərbi və mühafizə məqsədli silahların satışına icazə verilmir. Lakin ov silahlarının satışı mümkündür. Bakıda silah satan dükanlar mövcuddur. Xaricdən gətirilən və hədiyyə olunan silahlar da müvafiq şəkildə qeydiyyata alınmalıdır. Bəzi silahlar qeydiyyata alınmır, çünki onların satışı qanunla qadağandır. Satıcılar diqqətli olmalı, yalnız müvafiq şəxsiyyət vəsiqəsini təsdiqləyən, uyğun sənədləri olan şəxslərə silah satmalıdırlar. Məsələn, əgər alıcı ruhi xəstədirsə, ona silah satmaq qadağandır. Bu şəxs odlu silahdan istifadə edə bilməz. Silah satışı və istifadəsi ilə bağlı qanunlara gəldikdə isə qanunda heç bir boşluq yoxdur”.
Mahmud Hacıyev qeyd edib ki, hüquqi-demokratik ölkələrdə odlu silah və ov silahını fərq etmədən satırlar. Məsələn, ABŞ, Fransa və Böyük Britaniya kimi ölkələrdə odlu silahların satışına icazə verilir. ABŞ-da silah alıcılarının barmaq izləri alınır, şəxsiyyəti təsdiqlənir və ballistik ekspertizadan keçirilir. Bu da cinayətlərdə istifadə olunan silahların kimə məxsus olduğunu müəyyən etməyə kömək edir. Hacıyev bildirib ki, sivil ölkələrdə odlu silahın satışını yalnız ciddi nəzarət və qanunlar çərçivəsində həyata keçirmək mümkündür. Bu cür satışların artan cinayət hadisələrinə təsiri minimaldır. Hətta belə bir satış o demək deyil ki, hər kəs silah alacaq. Əqli və fiziki cəhətdən sağlam insanlar yalnız qanuni yolla silah əldə edə bilər.
Mahmud Hacıyev əlavə edib ki, cinayət törətmək istəyən şəxslər istədikləri vaxt silah əldə edə bilirlər. Belə hallar Azərbaycan reallığında da mövcuddur. Bu gün də odlu silah daşıyanlar var. Azərbaycan əhalisində odlu silaha meyillilik mövcuddur. Sovet dövründə belə, azərbaycanlıların evində silah vardı və yalnız Sovet hakimiyyəti süqut etdikdən sonra silahlar toplanmağa başlanıb".
Mahmud Hacıyev deyib ki, SSRİ dağılandan sonra sovet qoşunları Azərbaycanı qeyri-nizamlı şəkildə tərk etdiklərindən silahların əhalinin ələ keçməsinə şərait yarandı: “Həmin illərdə müəyyən qisim insanların əlinə silah keçdi. Bundan başqa, Ermənistanla müharibə şəraitində olduğumuz illər ərzində sərhəd bölgələrində yerləşən rayonlarımızın əhalisinin silahlanmasına səbəb olmuşdu. O dövrlər Müdafiə Nazirliyi yox idi, müstəqil özünümüdafiə batalyonları vardı. İnsanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə etmişdilər. Atəşkəs əldə ediləndən sonra həmin rayonların sakinləri Bakı şəhərinə və digər rayonlara köç etdilər. Aydın məsələdir ki, sərhəd bölgəsindən ölkənin içərilərinə gələn əhali özü ilə silahlarını da gətirib. Ötən illər ərzində vətəndaşlardan xeyli silah-sursat  götürülüb. İnsanlar da baxır ki, silah ona o qədər də lazım deyil. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də olub. Həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir əldə qalanda, yazılmamış qanundur, mütləq qaydada, haradasa, kiməsə qarşı istifadə edilməli, açılmalıdır. Tarixən belədir. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var. Belə silahları da sahə müvəkkilləri, əməliyyatçılar aşkarlayıb rəsmiləşdirirlər”. Mahmud Hacıyev deyib ki, əvvəlki illərə nisbətən əhalidə silahların sayı azalıb.
Xatırladaq ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 12-ci və 13-cü yarımbəndlərinə görə, pnevmatik silahlar ov və idman silahları kateqoriyasına daxildir.

Избранный
12
2
Reportyor.tv

3Источники