RU

Türkiyə erkən seçkilərə hazırlaşır? - Partiyalardan ÖZƏL AÇIQLAMA

2025-ci ilin əvvəlindən etibarən Türkiyədə erkən seçki mövzusu siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) və ana müxalifət Cümhuriyyət Xalq Partiyasında (CHP) baş verən hadisələr, rəsmilərin açıqlamaları bu müzakirələri daha da qızışdırır.

AK Partiya ötən həftə sonu böyük qurultay keçirib və partiya daxilində mühüm dəyişikliklərə imza atıb. Ankarada -10°C temperatura baxmayaraq, Türkiyənin 81 vilayətindən gələn üzvlərin iştirakı ilə keçirilən qurultayda partiya rəhbərliyində ciddi dəyişikliklər edilib, qarşıdakı aylarda Nazirlər Kabinetində də ciddi dəyişikliklərin olacağı gözlənilir.

CHP lideri Özgür Özel isə prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün daxili seçkilərin keçiriləcəyini açıqlayıb. 1,6 milyon partiya üzvünün iştirak edəcəyi bu prosesin fevral, mart və aprel aylarında tamamlanması planlaşdırılır. İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu seçkilərdə yeganə namizəddir. Ankara meri Mansur Yavaş isə ön seçkilərə qatılmasa da, namizədlikdən imtina etməyib.

Rəcəb Tayyib Ərdoğan 2024-cü ildə yenidən seçilərək konstitusiyaya görə sonuncu müddətini icra edir. Lakin erkən seçki qərarı alındığı təqdirdə, Ərdoğanın yenidən namizəd olması mümkün ola bilər. Bu səbəbdən, AK Partiya daxilində konstitusiya dəyişikliyi və ya referendum vasitəsilə Ərdoğanın üçüncü dəfə namizədliyinin təmin edilməsi üçün müxtəlif formulların müzakirə edildiyi bildirilir.

Bütün bu hadisələr fonunda, Türkiyədə erkən seçki ehtimalları və siyasi dəyişikliklər gündəmin əsas mövzusu olaraq qalır.

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım erkən seçkilərlə bağlı məsələnin gündəmdə olmadığını deyib:

“Erkən seçki gözlənilmir. Müxalifət bunu istəyir. Ancaq Prezident seçkiləri 2028-ci ildə olacaq. Prezidentimiz demədiyi halda erkən seçkilərlə bağlı fikirlər yalandır. Müxalifət siyasi gündəm yarada bilmir, yayınır. Özünə avantaj yaratmaq istəyir. Amma Türkiyənin belə bir gündəmi yoxdur.  Türkiyə iqtisadiyyatı ilə bağlı məsələləri nizamlayır. Xarici siyasətdə - Suriya məsələsi, Fələstin, İraq, Azərbyacan-Ermənistan sülh razılaşmaları kimi məsələlər var. Belə olan halda önündə 3-4 il varkən niyə erkən seçkilərə getsin? Amma Prezidentimizin belə təşəbbüsü olsa, bir şey deyə bilmərik".

Şamil Ayrım sonda qeyd edib ki, Ədalət və İnkişaf Partiyası seçkilərin nə zaman elan edilməsindən asılı olmayaraq, hazırdır.

Cümhuriyyət Xalq Partiyasının sədr müavini İlhan Üzgel saytımıza açıqlamasında erkən seçkilərin partiyanın yox, xalqın tələbi olduğunu söyləyib:

"Xalqımız ciddi problem içərisindədir. Həm sosial sferada, həm ədalət, həm də hüquq sistemində problem ağırlaşıb. İctimaiyyətdə erkən seçki üçün geniş tələb var. Anketlərin hamısı xalqın əksəriyyətinin erkən seçkilərə gedilməsini istədiyini göstərir. Dolayısı ilə bu mövzu ana müxalifət partiyası CHP-nin yox, xalqın tələbləri ilə bağlıdır. Partiya olaraq, bu tələbi yüksək səslə dilə gətirik".

İ.Üzgel İmamoğlunun namizədliyini irəli sürməsi ilə bağlı məsələyə də toxunub:

"Müxalifət partiyası olaraq, seçkilərə hər zaman hazırıq. Partiyamızda prezident seçkilərinə namizədlik demokratik yolla müəyyənləşdirilir. Bütün partiya üzvləri namizədliyini verə  bilər. Bu günə qədər Əkrəm İmamoğlundan başqa namizədlik üçün müraciət edən olmayıb. Mansur Yavaş və İmamoğlu çox dəyərli bələdiyyə sədrlərimizdir. Partiyada bu mövzuda fikir ayrılığı yoxdur. Vaxtı gələndə hər ikisi də sistemli şəkildə hərəkət edəcəklər". 

Избранный
17
modern.az

1Источники