RU

​“Qara sevinmək lazımdır, su ehtiyatlarımızı artırıb”

“Baxmayaraq ki, ictimaiyyətə müəyyən problemlər yaradır, amma yağıntılar bizim qızıl ehtiyatımızdır. Son 15 gündə dağlıq ərazilərdə və buzlaqlarda belə sürətli qarın yağması bizim su ehtiyatlarımızı artırıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, iqlim dəyişikliklərinin təsirlərinə baxmayaraq, Mingəçevir gölü, Şəmkir və Araz su anbarlarında su ehtiyatları 75%-dən çox artıb: “Son 10 ildə birinci dəfə olaraq bu artıma nail olmuşuq. Bu nəticə dövlət qurumlarının əlaqəli işləməsi və su ehtiyatlarının səmərəli idarə olunması deməkdir. Bu gün tam əminliklə deyə bilərik ki, yay dövründə istər Aran, istərsə də digər ərazilərdə su təminatı kifayət qədər olacaq. Lakin bu, sudan qeyri-səmərəli istifadə üçün əsas verməməlidir. Hər bir vətəndaş suyun qədrini bilməlidir. Suyun qorunmasında hər bir vətəndaşın borcu var ki, birgə olaq, işləyək. Ona görə də bu qarın yağmasına sevinmək lazımdır”.

A. Abbasov əlavə edib ki, yağış sularının yenidən istifadəsi ilə bağlı hazırda tədqiqatlar aparılır: “Əvvəllər bu işlərlə şəhər təsərrüfatı məşğul olurdu. Artıq iqtisadi əsaslandırmalar və elmi tədqiqatlar üzrə işlər görülür. Xüsusilə Bakı şəhərində yağış kollektorlarının qoyulması və genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir. Artıq bu suların ayrılması, dövlət su ehtiyatı kimi suvarmada istifadəsi və təbiətə qaytarılması istiqamətində layihələr icra olunur. Bakı ətrafındakı təbii göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yağış sularının bu mənbələrə yönləndirilməsi istiqamətində də işlər aparılır”.

Lamiyə Məmmədova

Избранный
56
13
qafqazinfo.az

10Источники