Xocalı, 25 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən insanlığa sığmayan vəhşiliklərdən, günahsız insanların başına gətirilən müsibətlərdən danışıblar.
Qarabağ Regional Təhsil İdarəsinin dəstəyi və Qarabağ Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova, Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Nəvai Həsənov, müəllimlər, şagirdlər və tələbələr iştirak ediblər.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha təsdiqlədi.
Tədbirdə Böyük Qayıdışla əlaqədar yeni fəaliyyətə başlayan təhsil müəssisələrində keyfiyyətli tədrisin təmin edilməsinin önəmindən, şagird nailiyyətlərinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsindən də danışılıb.
Sonda Xocalı faciəsinə və Zəfər tarixinə dair videoçarx göstərilib, tələbələr tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.