“Maksimum təzyiq siyasəti davam etdikcə, ABŞ ilə birbaşa danışıqlar imkanı qətiyyən olmayacaq”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsində səfərdə olan rusiyalı həmkarı Sergey Lavrov ilə ikitərəfli və nümayəndə heyətləri arası danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.
O, Lavrovla regional və beynəlxalq məsələləri ətraflı və məhsuldar şəkildə müzakirə etdiklərini bildirərək deyib:
"Başda Fələstin, Livan və Suriya olmaqla regional hadisələri müzakirə etdik. Suriya ilə bağlı fikirlərimiz çox yaxındır. İran Suriyada hökm sürən sabitlik və sülhü dəstəkləyir".
ABŞ-ın Qəzzada fələstinliləri zorla köçürmə planını tamamilə rədd etdiklərini ifadə edən Əraqçi İslam Əməkdaşlıq Təşkilatının bu mövzuda yaxın vaxtlarda görüşəcəyini bildirib.
Nüvə məsələsində təzyiq altında ABŞ-la danışıqların mümkünlüyünü istisna edən iranlı nazir “Maksimum təzyiq siyasəti davam etdikcə, ABŞ-la birbaşa danışıqlar imkanı qətiyyən olmayacaq” deyib.
Rusiyanın xarici işlər naziri Lavrov isə, “Bütün sanksiyalara baxmayaraq, İranla ticarət inkişaf edir. Ötən il ikitərəfli ticarət 13 faiz artıb” deyib.
Birtərəfli sanksiyaların qəbuledilməz olduğunu vurğulayan Lavrov bu sanksiyaların iqtisadiyyata mənfi təsirini minimuma endirmək üçün İranla işləməyə davam edəcəklərini qeyd edib.