RU

Azərbaycan və Pakistan münasibətləri dərin qardaşlıq və dostluq modeli kimi diqqət çəkir

İki qardaş ölkə olan Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Tarix boyu hər iki dövlət bir-birinə qarşılıqlı dəstək göstərmiş, beynəlxalq arenada ortaq maraqlara uyğun siyasət yürütmüşdür. Zaman keçdikcə bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, eləcə də parlamentlər səviyyəsində inkişaf edərək daha da möhkəmlənmişdir.

Azərbaycan-Pakistan diplomatik əlaqələri 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən dərhal sonra qurulmuşdur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuş və bu addım gələcək sıx əlaqələrin təməlini qoymuşdur. Bakı ilə İslamabad arasındakı tərəfdaşlıq qarşılıqlı hörmət və etimad prinsipləri əsasında sürətlə inkişaf etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Kasablankada Pakistanın o dövrkü Baş naziri Benazir Bhutto ilə görüşü iki ölkə arasındakı əlaqələri yeni mərhələyə çıxarmışdır. Bu çərçivədə 1995-ci ildə Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Bakıya rəsmi səfəri, 1996-cı ildə isə Heydər Əliyevin Pakistana səfəri ikitərəfli münasibətlərin inkişafına güclü təkan vermişdir.

Prezident cənab İlham Əliyevin Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verməsi bu münasibətlərin daha da güclənməsinə səbəb olmuşdur. Dövlət başçısının 2005-ci və 2017-ci illərdə Pakistana səfərləri iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmişdir. 2015-ci ildə Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” isə münasibətləri daha da möhkəmləndirmişdir.

Ötən il Prezident cənab İlham Əliyevin iyulun 11-12-də Pakistana dövlət səfəri çərçivəsində Baş nazir Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə keçirilən görüşlər strateji tərəfdaşlığı yeni mərhələyə yüksəltmişdir. Səfər zamanı əməkdaşlıq sahələrini əhatə edən 15 sənədin imzalanması əlaqələrin hüquqi bazasını daha da genişləndirmişdir. COP29 sammiti çərçivəsində Bakıda keçirilən görüşdə də tərəflər əməkdaşlığın dərinləşdirilməsinə dair fikir mübadiləsi aparmış, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının əhəmiyyəti xüsusi vurğulanmışdır.

Azərbaycan və Pakistan arasındakı yaxın əlaqələrin əsasını ortaq tarix, mədəni və dini dəyərlər təşkil edir. Pakistan dövləti daim Azərbaycanın maraqlarını müdafiə etmiş və beynəlxalq təşkilatlar çərçivəsində rəsmi Bakının mövqeyini dəstəkləmişdir. Pakistan keçmiş Qarabağ münaqişəsi və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə müdafiə etmiş, Ermənistanın işğalçı siyasətini kəskin tənqid edərək, onunla heç vaxt diplomatik və iqtisadi əlaqələr qurmadığını bəyan etmişdir.

Xüsusilə, 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana siyasi və mənəvi dəstəyi qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərmişdir. Müharibə dövründə Pakistan rəsmiləri Azərbaycanın haqlı mövqeyini açıq şəkildə müdafiə edərək, Ermənistanın təcavüzkar siyasətini sərt şəkildə pisləmiş, Pakistan parlamenti isə Azərbaycanın suverenliyini dəstəkləyən rəsmi bəyanatlar qəbul etmişdir. Müharibədən sonra isə Pakistan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə dəstək göstərmək niyyətini ifadə etmişdir.

Azərbaycan-Pakistan münasibətləri təkcə siyasi və hərbi sahələrlə məhdudlaşmır, iqtisadi-ticari əməkdaşlıq da strateji xarakter daşıyır. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün qarşılıqlı layihələr həyata keçirilir. Son illərdə ticarət həcmi artmış olsa da, hər iki dövlət bu göstəriciləri daha da yüksəltmək üçün birgə səylər göstərir. Azərbaycanın enerji sektoru, Pakistanın isə əczaçılıq, tekstil və kənd təsərrüfatı sahəsindəki potensialı qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Hərbi sahədə də Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq güclənməkdədir. İki ölkə arasında müdafiə sənayesi sahəsində mühüm razılaşmalar əldə edilmiş, birgə hərbi təlimlər təşkil olunmuş və kadr hazırlığı sahəsində əməkdaşlıq genişləndirilmişdir. Azərbaycanın Pakistanın istehsal etdiyi JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsi bu əməkdaşlığın mühüm nəticələrindən biridir. Ötən il Prezident cənab İlham Əliyevin İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"ndakı hərbi sərgi ilə tanışlığı isə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinə xidmət etmişdir.

Azərbaycan və Pakistan xalqları arasında dərin tarixi, mədəni əlaqələr mövcuddur. Hər iki xalq İslam dəyərləri və ortaq ənənələr vasitəsilə bir-birinə sıx bağlıdır. Təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələr getdikcə genişlənir. Universitetlər arasında əməkdaşlıq güclənir, mədəni tədbirlər, sərgilər, kino festivalları təşkil olunur.

Humanitar sahədə də iki ölkə arasında qardaşlıq münasibətləri özünü göstərir. Azərbaycan Hökuməti Pakistana müxtəlif fövqəladə hallarda yardım göstərmişdir. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosial və humanitar layihələr həyata keçirilmiş, məktəblər tikilmiş, tibbi yardımlar təşkil olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanın “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilən ilk birinci xanım olmuşdur.

Azərbaycan-Pakistan münasibətləri təkcə strateji tərəfdaşlıq deyil, eyni zamanda, dərin qardaşlıq və dostluq modeli kimi diqqət çəkir. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi və yeni sahələri əhatə etməsi gözlənilir.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri

Избранный
59
1
ikisahil.az

10Источники