Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib. İnzibati binada keçirilən tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və Xocalı faciəsinin şahidləri iştirak ediblər.
Tehsil.biz xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov Xocalı faciəsinin Azərbaycan tarixində dərin iz buraxdığını və bu faciənin heç vaxt unudulmayacağını vurğulayıb. O, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib.
Sonra Xocalı ilə bağlı videoçarx nümayiş olunub.
Çıxış edən İctimai fənlər kafedrasının baş müəllimi Çinarə Səfərova erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi vəhşiliklər barədə geniş məlumat verib və faciənin beynəlxalq aləmdə tanınmasının əhəmiyyətindən danışıb.
Xocalı rayon sakinləri Səmayə Mirzəyeva, Nəsimi Məmmədov və soyqırımının şahidi, Gəncə Dövlət Aqrar Kollecinin tədris hissə müdiri Aliyə Abbasova faciə ilə bağlı xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində ADAU tələbələri Arzu Rüstəmova, Leyla Həsənli, Ruslan Novruzəliyev və Səma Məmmədova Xocalıya həsr olunmuş şeirlər səsləndiriblər.
“Xocalı faciəsi: yaddaşlara həkk olunmuş qanlı tarix” mövzusunda Aqrar iqtisadiyyat fakültəsində keçirilən tədbirdə isə tədris işləri üzrə prorektor Əhməd Məlikov çıxış edərək, Xocalı faciəsinin ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Xocalı faciəsi erməni millətçiliyinin yüz illər ərzində həyata keçirdiyi etnik separatizm, başqa xalqlara qarşı nifrət, terror ideologiyasının tükürpədən, insanlığa utanc gətirən nümunəsidir.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu deyib. Kafedra müdiri vurğulayıb ki, işğal altında olan torpaqlarımız, o cümlədən Xocalı Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində azadlığa qovuşub və yeni inkişaf mərhələsinə qədəm qoyub.
İctimai fənlər kafedrasının dosenti Sevda Abdullayeva Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında dayandığını vurğulayıb.
II kurs tələbəsi Banuçiçək Atakişiyeva “Xocalı” şerini səsləndirib.
Sonda Xocalı faciəsini özündə əks etdirən videoçarx izlənilib.
Mühəndislik və Torpaqşünaslıq və aqrokimya fakültələrində də anım tədbirləri təşkil olunub. Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə çıxış edənlər ermənilərin Xocalının dinc sakinlərinə - qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlardan danışıblar. Bildirilib ki, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırımı cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilib. Xocalı soyqırımı törədilən zaman “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyaları kobud şəkildə pozulub.
Eyni zamanda, universitetin Əsaslı kitabxanasında ADAU THİK və ADAU TGT-nin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib.
Əsaslı kitabxananın foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisinə baxışdan sonra təşkil olunan tədbirdə Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov, kitabxananın direktoru Kamil Məmişov, kafedra müdiri Elgün Aslanov, kafedra müdiri Fəxrəddin Yusibov və kitab klubunun sədri tələbə Ruslan Novruzəliyev çıxış ediblər.
Sonda Xocalı soyqırımına həsr olunmuş "Ümid işığı Xocalı" adlı qısametrajlı film nümayiş olunub.