Astana, 28 fevral, AZƏRTAC
Aktaudan olan geoloq Kosarbay Kojahmet hesab edir ki, Xəzər dənizinin səviyyəsi 25 ildən sonra yenidən qalxacaq.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, alim Xəzər dənizinin səviyyəsinin azalmasının təbii proses olduğunu diqqətə çatdırır. Təbii dalğalanmalar səbəbindən dənizdə suyun səviyyəsi 50 il ərzində qalxır, sonra isə həmin müddət ərzində aşağı düşür.
“Biz bu prosesi dayandıra bilmərik, çünki onu dəstəkləmək üçün yetərincə suyumuz yoxdur. Dəqiq məlumat olmadığından, dənizə daxil olan suyun miqdarının azaldığını və ya olduğu kimi qaldığını söyləmək çətindir. Volqa və Ural çaylarının suları Xəzər dənizinə axan bütün suların 88 faizini təşkil edir. Digər kiçik çaylar da dənizə su gətirir. Dənizin səviyyəsi 1999-2001-ci illərdə pik həddə çatmışdı. Lakin 2001-ci ildən suyun səviyyəsi yenidən azalmağa başlayıb”, -deyə professor qeyd edib.
Mütəxəssisin sözlərinə görə, suyun geri çəkilməsi prosesi 24 ildir ki, davam edir. Xəzər dənizinin səviyyəsi eyni müddət ərzində azalmağa davam edə bilər.
Kosarbay Kojahmet qeyd edir ki, Xəzər dənizinin Azərbaycanla Türkmənistan arasındakı sualtı hissəsində az güclə də olsa, vaxtaşırı püskürən palçıq vulkanları var.
“Hazırkı şəraitdə dənizin altında geoloji hərəkətlər baş verir. Zəlzələ dəniz dibinin qalxmasına səbəb ola bilər. Bu hərəkətlər daha da intensivləşərsə, suyun səviyyəsi qalxa bilər”, - deyə mütəxəssis bildirib.
Geologiya-mineralogiya elmləri namizədi, professor Kosarbay Kojahmet 45 ildən artıqdır ki, Aral və Xəzər dənizlərinin geologiyasını öyrənir.
O, vurğulayır ki, Xəzər dənizini təkcə ekoloji baxımdan deyil, həm də geologiya, tektonika, hidrogeologiya, fizika, kimya, biologiya baxımından tədqiq etmək lazımdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana