1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Çində 1993-2003-cü illərdə 17 uşağı qaçıraraq satan Yu Huain adlı qadın edam edilib.
Oxu.Az-ın "Sinxua" agentliyinə istinadən xəbərinə görə, o, bu illər ərzində cinayət ortaqları ilə birlikdə Quiçjou və Yunnan əyalətlərindən, eləcə də Çunsin şəhərindən ümumilikdə 17 uşağı qaçırıb və Hebey əyalətində satıb.
Ali Xalq Məhkəməsi Yu Huain barəsində edam hökmünü təsdiq etdikdən sonra, Çinin cənub-qərbindəki Quiçjou əyalətinin Quian şəhərinin məhkəməsi yerli prokurorluğun müfəttişlərinin iştirakı ilə edamı icra edib.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Quian məhkəməsi qadını 11 uşağı oğurlamaqda və satmaqda təqsirli bilib və ölüm hökmü çıxarıb. Hökm elan edildikdən dərhal sonra qadın qərardan apellyasiya şikayəti verib.
2023-cü ilin noyabrında Quiçjou məhkəməsi müttəhimin apellyasiya şikayəti üzrə təkrar məhkəmə iclası keçirib, 2024-cü ilin yanvarında isə polis Yu Huainin uşaq alveri işləri ilə bağlı digər işlərdə də əli olduğunu aşkar etdikdən sonra, işin yenidən araşdırılmasına göstəriş verib.
2024-cü ilin oktyabrında Quian məhkəməsi tərəfindən keçirilən təkrar məhkəmə prosesi müəyyən edib ki, müttəhim qadının işi ilə bağlı uşaqların sayı 11-dən 17-yə yüksəlib. Yu Huain yenidən edam cəzasına məhkum edilib və o, əvvəlki kimi, yenidən apellyasiya şikayəti verib.
2024-cü ilin dekabrında Quiçjou məhkəməsi onun şikayətini rədd edib və edam hökmünü təsdiqləyərək qüvvədə saxlayıb.
Yu Huain həmçinin ömürlük olaraq siyasi hüquqlarından məhrum edilib və bütün şəxsi əmlakı müsadirə edilib.



