
Meksikada ümumilikdə 29 narkobaronu ABŞ-a təhvil verib.
Reyting.az bildirir ki, 1985-ci ildə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agenti Enrike Kiki Camarenanın işgəncə və qətlinə görə məsuliyyət daşıyan narkobaron Rafael Karo Quintero da daxil olmaqla, mafiya üzvləri ABŞ-a ekstradisiya ediliblər.
ABŞ-nın baş prokuroru Pamela Bondi Meksikada axtarışda olan ümumilikdə 29 nəfərin ABŞ-a ekstradisiya edildiyini təsdiqləyib.
“Birləşmiş Ştatlar bu gün Meksikadan reketçilik, narkotik ticarəti, qətl, qanunsuz silah istifadəsi, çirkli pulların yuyulması və bu gün ABŞ-da aparılan narkotik cinayətləri ilə bağlı ittihamlarla üzləşən 29 şübhəlinin həbsini təmin edib”, - Bondi deyib.
Qeyd edilir ki, Sinaloa, Jalisko, Şimal-Şərqi, Familia Michoacana və Körfəz mafiyaları ABŞ-a külli miqdarda narkotik, kokain və onunla əlaqəli narkotik maddələrin idxalına görə məsuliyyət daşıyırlar.
ABŞ-nın ən çox axtarılanlar siyahısında olan Quintero 2022-ci ilin iyulunda Sinaloa ştatında həbs edilib. Bildirilir ki, Quintero ABŞ-da mühakimə olunaraq təqsirli bilinərsə, onu ölüm cəzası gözləyir.
Onu da qeyd edək ki, prezident Donald Tramp narkobaronları ABŞ-a ekstradisiya etmədiyi üçün Meksikanı hədələyirdi.
V. QULİYEV