RU

"Azərişıq" yenə eyni şirkətə sifariş verdi - Bu dəfə 14 milyon

"Azərişıq" ASC "Səməd Vurğun" yarımstansiyasının yenidənqurulması üçün 14 milyondan çox vəsait ayırıb.

Valyuta.Az xəbər verir ki, qurumla “IMA Energy” Qapalı Səhmdar Cəmiyyəti arasında 14.137.219,2 AZN-lik müqavilə imzalanıb.

İmzalanan müqavilə əsasında, Bərdə şəhəri ərazisində yerləşən mövcud 35/10 kV-luq "Səməd Vurğun" yarımstansiyasının 110 kV-luq yarımstansiyaya keçirilməklə yenidənqurulması işləri həyata keçiriləcək.

Qeyd edək ki, “IMA Energy” QSC 27 yanvar 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı yaradıldığı zaman 10 manat olub. Daha sonra isə 5 000 manata qaldırılıb. 

Şirkətin qanuni təmsilçisi müxtəlif vaxtlarda Əliyev İntiqam Əhməd oğlu, Nəsirov Mirzə Faiq oğlu, Tağızadə Şahin Əliş oğlu olub. 

Hazırda isə şirkətin qanuni təmsilçisi yenidən Nəsirov Mirzə Faiq oğludur.

Adı çəkilən şəxslər barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Onu da əlavə edək ki, "Azərişıq" ASC ilə “IMA Energy” QSC arasında ötən il də bir neçə dəfə milyonluq müqavilələr imzalanıb. 

Əldə etdiyimiz məlumatlara əsasən, 2024-cü ildə tərəflər arasında ümumi dəyəri 8 milyon manatdan çox olan müqavilələr imzalanıb. 

Tərəflər arasında 6 iyun 2024-cü ildə 2.840.212,16 AZN, 13 iyun 2024-cü ildə 4.164.157,29 AZN, 13 sentyabr 2024-cü ildə 2.121.548,5 AZN dəyərində müqavilələr imzalanıb.

Onu da əlavə edək ki, "Azərişıq" ASC 2024-cü ildə müxtəlif şirkətlərlə toplam dəyəri 220 mln. manatdan çox olan 40-dan çox satın alma müqaviləsi imzalayıb. Araşdırmalarımız zamanı məlum olub ki, qurumun ötən ildə ən çox satınalma müqaviləsi bağladığı şirkətlər "Smart Energy Services" MMC, "Harmony İndustrial Construction and Engineering Group" MMC“Şans Construction” MMC olub. 

"Smart Energy Services" MMC ilə 2024-cü ildə ümumi dəyəri 96 milyon manatdan çox olan 12 ədəd, "Harmony İndustrial Construction and Engineering Group" MMC ilə ümumi dəyəri 36 milyon manatdan çox olan 7 ədəd, “Şans Construction” MMC ilə isə ümumi dəyəri 47 milyon manatdan çox olan 7 ədəd satınalma müqaviləsi imzalanıb. 

Yəni, "Azərişıq" ASC-nin ötən il tenderlərə xərclədiyi 220 milyon manatın 170 milyon manatdan çoxu müxtəlif xidmətlər müqabilində bu 3 şirkətə ödənib. 

"Smart Energy Services" MMC 29 yanvar 2020-ci ildə yaradılıb və 10 manat nizamnamə kapitalına malikdir.  Şirkət təsis edildiyi zaman qanuni təmsilçisi  Şıxıyev Rəşad İsa oğlu olub. Daha sonra qanuni təmsilçi dəyişərək Tinayev Anar Nemət oğlu olub. 

"Harmony İndustrial Construction and Engineering Group" MMC isə 29 mart 2007-ci ildə təsis edilib. İlk öncə 10 manat nizamnamə kapitalına malik şirkət, daha sonra isə nizamnamə kapitalını artıraraq 165 010 manata çatdırıb.  Şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur.

Adı çəkilən 3 şirkət arasında ən gənc şirkət olan “Şans Construction” MMC 23 iyun 2021-ci ildə 10 manat nizamnamə kapitalı ilə yaradılıb və bu məbləğ indiyə qədər dəyişməyib. Şirkətin qanuni təmsilçisi Orucov Vüqar Bayram oğludur.

Qeyd edək ki, “Azərişıq” ASC-nin sədri Əhmədov Vüqar Cəbrayıl oğludur. 

Rəhim

Избранный
51
6
valyuta.az

7Источники