RU

Naxçıvan Təlim Mərkəzi insan kapitalının gücləndirilməsi və dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində işlər görür 

“Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində insan kapitalının gücləndirilməsi, dövlət idarəçiliyində kadr potensialının artırılması və gənclərin peşəkar inkişafına töhfə vermək məqsədilə yaradılıb. Mərkəzin mühüm strateji hədəfləri var. Bunlar müasir dövlət idarəetməsi, strateji planlaşdırma və liderlik sahəsində təlimlərin genişləndirilməsi, elektron hökumət və rəqəmsal idarəetmə sahəsində dövlət qulluqçuları üçün ixtisasartırma və süni intellekt və data analitikası sahəsində xüsusi pro­qramların hazırlanmasıdır.

Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Tağı Tağızadə bildirdi: “Fəaliyyətimiz muxtar respublikanın dövlət orqanlarında çalışan işçilərin bilik və bacarıqlarının artırılması və müasir idarəetmə metodlarının tətbiq edilməsi, gənc­lərin əmək bazarına daha hazırlıqlı inteqrasiyasını təmin etmək və onların şəxsi inkişafına dəstək vermək məqsədi daşıyır. Belə ki, insan kapitalının inkişafı prioriteti çərçivəsində təhsil və kadr potensialının daha da gücləndirilməsi, peşə təhsili və ixtisasartırma imkanlarının genişləndirilməsi, dövlət orqanlarının əməkdaşları üçün təlim və təcrübə proqramlarının təkmilləşdirilməsi kimi ehtiyaclar və bu strateji hədəflərin həyata keçirilməsi zamanı qurumlar arası koordinasiyanı təşkil edəcək və ümumi prosesə nəzarət edəcək”.

Tağı müəllim deyir ki, mərkəzin yaradılması həm dövlət qulluqçularının peşəkarlığını artırmaq, həm də gənclərin əmək bazarına daha hazırlıqlı çıxmasını təmin etmək, onların müasir idarəetmə metodlarını mənimsəməsi və daha effektiv fəaliyyət göstərməsi üçün mühüm bir addımdır. Bu da muxtar respublikanın uzunmüddətli inkişaf hədəflərinə tam uyğundur.

Bu günə qədər keçirilən təlimlər haqqında danışan müsahibimiz qeyd etdi ki, hazırda bu istiqamət üzrə müəyyən edilmiş zəruri təlimlər mərhələli şəkildə həyata ke­çirilir: “Bunlar “Maliyyə və mühasibat uçotu”, “Dövlət satınalmaları və tətbiq­etmə”, “İnsan resursları və kadr potensialının təkmilləşdirilməsi”, “Əmək və məşğulluq altsistemindən (ƏMAS) düzgün istifadə qaydaları” kimi başlıqlar altında yaradılmış təlim proqramlarıdır. Bu proqramlar üzrə qısa müddət ərzində bir çox qurumun, daha dəqiq desək, 15 qurumun yüzdən çox əməkdaşının iştirakı ilə təlimlər uğurla həyata keçirilib. Hazırda təlim iştirakçılarından gələn rəylərə əsasən uzunmüddətli təlim proqramları üzərində mərkəzin əməkdaşları ilə təlimçilər birlikdə çalışırlar. Bununla yanaşı, keçən ilin dekabr ayında təşkil etdiyimiz “Naxçıvan liderlik platforması” tədbirimizin ikincisinin yaxın zamanda həyata keçirilməsi planlaşdırılır və bu formatda maraqlı bir neçə layihə üzərində paralel işlər davam etdirilir”.


Mərkəzin gələcək prioritetlərindən danışan Tağı müəllim bildirdi ki, Naxçıvan Təlim Mərkəzi fəaliyyətini Dövlət Proqramı çərçivəsində insan kapitalının gücləndirilməsi və dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində inkişaf etdirməyi planlaşdırır.

Qeyd edək ki, xarici ölkələrin nüfuzlu təlim institutları ilə ortaq sertifikat və diplom proqramlarının yaradılması ilə yanaşı, sənaye və biznes sektorları üçün ixtisaslaşmış təlim proqramlarının inkişaf etdirilməsi də prioritetlərdəndir.
Bu sırada fevralın 22-də “FireWorks HRM” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbiri qeyd etmək olar. Süni intellektin korporativ mədəniyyətə və mental rifaha təsirini əhatə edən bu tədbir öz sahələrində tanınmış peşəkarların iştirakı ilə yadda qaldı. Hüquq üzrə elmlər doktoru Mayis Əliyev, professor Hamlet İsaxanlı və Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Vaskelevicius kimi dəyərli şəxsiyyətlərlə fikir mübadiləsi aparmaq imkanı tədbirin əsas məqamlarından biri oldu.

Bu tədbir onların süni intellektin müasir iş mühitinə və insan psixologiyasına təsirlərinə dair yanaşmalarını dinləmək və müzakirə etmək üçün fürsət yaratdı. Tədbir süni intellektin yalnız texnoloji yenilik kimi deyil, həm də korporativ dəyərlər və emosional rifahla bağlı transformasiya aləti kimi potensialını bir daha vurğuladı.

Şübhəsiz ki, belə təşəbbüslər muxtar respublikada insan kapitalının inkişafına mühüm töhfə verəcək.

Aldığımız məlumatlardan da göründüyü kimi, Naxçıvan Təlim Mərkəzinin uzunmüddətli strateji inkişafı muxtar respublikanın insan kapitalının gücləndirilməsinə xidmət edəcək.(Serqqapisi.az)  

Избранный
48
50
referans.az

10Источники