RU

ADY: Ələt-Osmanlı-Astara dəmir yolunun 50 %-i artıq demontaj edilib

 

Ələt-Osmanlı-Astara dəmir yolunun 50 %-i artıq demontaj olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, dəmir yolunun 2-ci km-də yolötürücü qurğunun beton işlərinin yekunlaşdırılması planlaşdırılır, yanaşma yollarının tikintisi isə davam etdirilir.

Məlumata görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissələrindən biri olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.

Uzunluğu 245 km olan dəmir yolu dörd mərhələdə təmir edilir. Birinci mərhələdə Ələt-Osmanlı xəttinin 60 km-lik hissəsi bərpa olunur. Layihə çərçivəsində dəmir yolu körpüsü, 3 avtomobil üst keçidi, heyvanların keçidi üçün alt keçidlər və müxtəlif ölçülü suötürücü borular inşa edilir. Bundan əlavə, Yeni Ələt, Şirvan və Osmanlı stansiyalarının yenidən qurulması nəzərdə tutulur.

Yol geyiminin dayanıqlılığını artırmaq üçün geoqrid adlı sintetik mühəndislik materialından istifadə olunur. Bu texnologiya torpaq qatını möhkəmləndirərək eroziyanın qarşısını alır və su axınını tənzimləyir. Eyni zamanda, qrunt sularının yüksək səviyyədə olması dəmiryol yatağının çökmə riskini artırdığı üçün geoqrid istifadəsi beynəlxalq təcrübəyə əsasən tövsiyə edilir.

Qurumdan qeyd olunub ki, layihənin ikinci mərhələsi Kür çayı üzərində inşa edilən cüt dəmir yolu körpülərini əhatə edir. 2023-cü ildə tamamlanan və istismara verilən bu körpülər Şimal-Cənub dəhlizi üzrə yük daşımalarının optimallaşdırılmasına töhfə verir.

Üçüncü və dördüncü mərhələlər üzrə layihələndirmə işləri isə davam etdirilir.

Sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması Azərbaycanın tranzit potensialının gücləndirilməsinə, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına və ümumi dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə xidmət edəcək.

Layihə çərçivəsində avtomobil yolları ilə bir səviyyədə kəsişən yol hissələri mərhələli şəkildə müxtəlif səviyyəli kəsişmələrlə əvəz olunacaq ki, bu da nəqliyyat hərəkətinin təhlükəsizliyini artıracaq.

Tikinti işlərinin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır.

Избранный
89
3
operativmm.az

4Источники