RU

Bilal Ərdoğan və Türkiyə nümayəndə heyəti Dəməşqə səfər edib

BAKI, TurkicWorld

Türkiyənin İlim Yayma Vakfı Qəyyumlar Şurasının sədri Bilal Ərdoğan və onu müşayiət edən Türkiyə nümayəndə heyəti Suriya ilə əlaqələri gücləndirmək məqsədilə Dəməşqə səfər edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, səfərdə Bilal Ərdoğanla yanaşı, AK Partiya TBMM Qrup sədr müavini Abdulhamit Gül, Qaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin, AK Partiya millət vəkilləri Fatih Dönmez, Mustafa Varank və Mehmet Şamşar da iştirak ediblər.

Türkiyənin Dəməşqdəki səfiri Burhan Köroğlu və Qaziantep Böyükşəhər Bələdiyyəsi nümayəndələri də heyətə qoşulub.

Nümayəndə heyəti ilk olaraq Dəməşq valisi Maher Mərvanla görüşüb. Görüş zamanı Bilal Ərdoğan Türkiyə və Suriya arasındakı tarixi əlaqələrə diqqət çəkərək, prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. O, bu səfərin, prezident Ərdoğanın Suriyadakı proseslərə verdiyi önəmin göstəricisi olduğunu bildirib. Türkiyənin Suriyaya təhsil, infrastruktur və bələdiyyə xidmətləri sahəsində dəstək verməyə hazır olduğunu vurğulayan Ərdoğan, həmçinin Osmanlı dövründən qalan tarixi abidələrin qorunmasının və bərpasının vacibliyini qeyd edib.

Görüşdə Dəməşq və Qaziantep arasında qardaş şəhər protokolu imzalanması məsələsi də müzakirə olunub. Qaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin, iki xalq arasındakı tarixi bağlara toxunaraq, “Biz qonşu və qardaş xalqlarıq. Bu qardaşlığı daha da gücləndirmək istəyirik” deyə bildirib. Mustafa Varank isə “İnşallah, qarşıdakı dövr Suriya üçün quruculuq mərhələsi olacaq və biz bu prosesdə Suriyanın yanında olacağıq” sözlərini səsləndirib.

Dəməşq valisi Maher Mərvan da Türkiyə nümayəndə heyətinə səfərə görə təşəkkür edərək, keçmiş Baas rejiminin ölkədə böyük dağıntılar yaratdığını və xüsusilə infrastruktur, insan resursları və bələdiyyə xidmətləri sahələrində ciddi çatışmazlıqların olduğunu bildirib. O, Osmanlı dövründən qalan tarixi irsin qorunmasının əhəmiyyətini vurğulayaraq, bələdiyyə sahəsində Türkiyənin təcrübəsindən faydalanmaq üçün birgə işçi qruplarının yaradılmasını təklif edib.

Görüşün sonunda Qaziantep və Dəməşq arasında bələdiyyə sahəsində əməkdaşlıq çərçivəsində infrastruktur və şəhərsalma sahələrində texniki dəstək verilməsi barədə razılıq əldə olunub. Bu addım, iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verə bilər.

Избранный
72
turkic.world

1Источники