Fevralın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi və Fəlsəfə və sosial elmlər kafedralarının birgə təşkilatçılığı ilə “Konstitusiya və suverenlik: tarixi, siyasi və hüquqi aspektdə” mövzusunda elmi seminar keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.
Fəlsəfə və sosial elmlər kafedrasının müdiri professor Rafail Əhmədli bildirib ki, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 2024-cü il dekabrın 28-də Sərəncam imzalayıb. R.Əhmədli qeyd edib ki, bu Sərəncamdan irəli gələrək, seminarda konstitusiyamızın və suverenliyimizin tarixi, siyasi və hüquqi aspektləri dəyərləndiriləcək.
Sonra Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədovanın “Azərbaycan Respublikasının Konstitusiyası tarixi kontekstdə” adlı məruzəsi dinlənilib. Məruzəçi Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması ərəfəsində ölkədə baş verən ictimai-siyasi hadisələrdən bəhs edib. O, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin respublikamızın bütün ərazilərində bərqərar olduğunu vurğulayıb.
Seminarda, həmçinin Fəlsəfə və sosial elmlər kafedrasının baş müəllimi Cəfər Cəfərli “Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hüquq islahatlarının keçirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycan tarixi kafedrasının professoru Xəqani Məmmədov, kafedranın dosenti Zakir Kərimov, Fəlsəfə və sosial elmlər kafedrasının dosenti Paşa Quluzadə Azərbaycanın dövlətçilik tarixindən, Fəlsəfə və sosial elmlər kafedrasının dosenti Mirafərim Seyidov dövlət və hüquq məsələlərindən danışıblar.