Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Zirə"ni 2:0 hesabı ilə məğlub edən "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxsıyev görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, iki görüşün nəticəsinə görə yarımfinala adlayan "ağ-qırmızılar"ın çalışdırıcısı matçla bağlı bu fikirləri səsləndirib:
"Birinci oyun da göstərmişdi ki, ağır matç olacaq. Hər iki komanda yaxşı mübarizə apardı. Məşqlərdə də futbolçuları buna hazırlamışdıq. Komanda olaraq meydanda yaxşı işlər gördük. Layiqli qələbə qazandığımızı düşünürəm. Futbolçularımı təbrik edirəm. Heyətimizdə çoxsaylı zədəli futbolcular olsa da, yolumuza davam edirik. Artıq bu görüşü unutmalı, çempionat matçlarında köklənməliyik.
Cütün taleyini penaltilərin həll etməsini sırf təsadüf hesab edirəm. Penalti də oyunun tərkib hissəsidir. "Zirə"nin də real qol epizodları oldu.
Zədəli futbolçularımızla bağlı vəziyyət müxtəlifdir. Kimisi komanda ilə məşqlərə başlayıb, kimisi hələ müalicə prosesi keçir".